Məlum olduğu kimi, 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.
Qətnamə nəyə diqqət çəkir?
Ona diqqət çəkir ki, inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi insan hüquqlarından istifadəyə mənfi təsir göstərir. Üstəlik, bu, pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri kimi çıxış edir. Odur ki, bölgüdə ədalət prinsipi başlıca prinsip olmalıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev fevral ayında dövlət televiziyasına müsahibəsində peyvəndlərin ədalətli bölüşdürülməsi məsələsinə vurğu salmış, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağını bildirmişdi. Qəbul olunmuş qətnamə deməyə əsas verir ki, ortada artıq nəticə var və ölkə başçısının bütün təşəbbüsləri kimi pandemiya ilə bağlı olan təklifləri də qlobal səviyyədə dəstək qazanıb. Özü də qısa zaman içərisində.
Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyəti bu qətnamənin qəbulu ilə bir daha isbat olunur.
Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin sözügedən təşəbbüsündən irəli gələrək 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda Komünike qəbul edilib.
Qətnamə bütün bu xeyirxah məqsədli addımlardan sonra qəbul olunub.
Şübhəsiz ki, mövcud xəstəliyin aradan qaldırılmasında dünyanın hazırda həmrəyliyə və çoxtərəfli əməkdaşlığa ehtiyacı var, bu əməkdaşlığın mövcudluğu xəstəliyə qarşı qlobal mübarizəni daha effektiv bir fazaya keçirə bilər.
Qalır, BMT-yə üzv dövlətlər və digər əlaqədar qurumlar (beynəlxalq təşkilatlar, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti üzvləri və s.) COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etsin. Çünki qətnamədə bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırışlar var və sənəd özündə təcili addımlar atılmasını tələb edir.
Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həmmüəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus olan ölkələr təmsil edilir. Qətnamənin ərsəyə gəlməsində konsensusa nail olunması üçün uzun müddətdir ki, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində danışıqlar aparılırdı.