Rusiya yaxın vaxtlarda Ermənistan ordusunu modernləşdirmək qərarını daha geniş şəkildə izah etmək məcburiyyətində qala bilər: Baş nazir Nikol Paşinyanın da dediyi kimi, hələ "alt paltar problemi" belə, həll edilməyən Ermənistan ordusunun Rusiya üçün strateji əhəmiyyəti böyük maraq doğurur...
Rusiya Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək niyyətində olduğunu qətiyyən gizlətmir. Kreml son illərdə itirilmiş geopolitik dayaqlarının yenidən bərpasına cəhd göstərir. Və bu məqsədlə Rusiyanın malik olduğu yeganə seçim üzərindən hərəkət etmək məcburiyyətindədir.
Hazırda Ermənistan Rusiyanın Cənubi Qafqazda yerləşə biləcəyi yeganə geopolitik plastdarm kimi görünür. Əslində, bu, Ermənistanın Rusiya üçün önəminin artdığını ifadə edən faktor deyil. Əksinə, Rusiyanın belə bir yeganə məcburi seçim variantı qarşısında qalması həm də Kremlin yanlış regional siyasətinin nəticəsidir.
Məsələ ondadır ki, Kreml məhz öz hegemonluq iddialarının girovuna çevrilib. Gürcüstan ilə təlimat və sifariş üzərindən qurulan təmaslar son nəticədə bu Cənubi Qafqaz ölkəsini Kremldən uzaqlaşdırıb. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, rəsmi Tiflis birmənalı şəkildə Kreml ilə məsafə saxlamağa üstünlük verir. Gürcüstanın Cənubi Osetiya və Abxaziya münaqişələri ilə təhdidvari şantaş olunması da artıq işə yaramır.
Azərbaycana qarşı diqtə siyasəti isə heç əvvəldən baş tutmadı. Çünki ötən əsrin 90-cı illərində atəşkəs anlaşmasından dərhal sonra rəsmi Bakı öz enerji resursları üzərindən reallaşdırılan geoiqtisadi layihələrlə Azərbaycanı Rusiya təhlükəsindən böyük ölçüdə sığortalaya bildi. Və hətta tranzit ölkə kimi, Gürcüstanı belə, bu "enerji təhlükəsizliyi çətiri"nin altına aldı.
Nəticədə Kremlin regional hegemonluq can-fəşanlığı Rusiyanı sadəcə, Ermənistan ilə baş-başa buraxdı. Yəni, Rusiyanın Cənubi Qafqazda söykənə biləcəyi başqa "divar" qalmadı. Ermənistan bu müddətdə Rusiyanın könüllü for-postu olsa da, Kreml vaxtaşırı rəsmi İrəvanın minnətinə də dözmək məcburiyyətində qaldı.
Ancaq son 30 ildə baş verənlər də təsdiqlədi ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı maraqları baxımından, faydasız müttəfiqdir. Kremlə geopolitik proseslərdə elə bir ciddi üstünlük qazandıra bilmir. Halbuki Ermənistanla müttəfiqlik Rusiyaya külli miqdarda geriyə dönüşü olmayan xərclər hesabına başa gəlir.
Yalnız elə Ermənistan ordusunun son 30 il ərzində silahlandırılması Rusiyanın onmilyardlarla dolları "dibi görünməyən quyu"ya atması ilə nəticələnib. Azərbaycanın 44 günlük savaşda Rusiyanın böyük xərclər çəkdiyi Ermənistan ordusunu darmadağın etməsi isə indi Kremli hər şeyi yenidən başlamaq məcburiyyətində buraxıb. Yəni, Kreml 30 illik yanlış regional siyasi kursu yenə də davam etdirmək niyyətini sezdirir.
Belə anlaşılır ki, Kreml öz hegemonluq iddialarının girovunda qalmağa qərar verib. Bu isə o deməkdir ki, Rusiya hələ də Cənubi Qafqaz ölkələri ilə bərabərhüquqlu ortaqlıq münasibətlərinə həvəsli deyil. Rusiyaya indiyə qədər heç bir faydası olmayan və bundan sonra da olmayacaq Ermənistanı yenidən dirçəltməyə cəhd edir. Ancaq bu, Rusiyanın regional maraqları baxımından, Kremlin 30 illik səhvləri yenə də təkrarlamasından başqa heç anlam daşımayacaq.
Son 30 ildə Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri idi. Ancaq Ermənistan ordusunu intensiv şəkildə silahlandırırdı. İndisə Rusiya Azərbaycan ərazisində sülhməramlı missiyanı öz üzərinə götürüb. Ancaq qəribə də olsa, yenə Ermənistan ordusunu silahlandırmağa hazırlaşır. Və bu, Rusiyanın mövqeyində kəskin ziddiyyətlər yaratmaqla yanaşı, Kremlə olan etimadı zədələyir.
Deyəsən, bu dəfə Rusiyanın işi əvvəlki dövrlərdən fərqli olaraq, daha ağır olacaq. Çünki, Ermənistan ordusu demək olar ki, yoxdur. Onun yenidən qurulmasına külli miqdarda maliyyə vəsaiti tələb olunur. Keçmiş prezident Robert Köçəryan bunun üçün ən azı 3 milyard dolların lazım olduğunu vurğulayıb.
Rəsmi İrəvan hazırda belə bir məbləğə sahib deyil. Və Ermənistanın üzləşdiyi ağır sosial-iqtisadi böhranı nəzərə aldıqda, yaxın 15-20 ildə də olmayacaq. Bəs onda Kremlin yenidən qurmağa qərar verdiyi Ermənistan ordusu üçün bu xərcləri kim ödəyəcək?