Ermənistan indi də özünün “informasiya təhlükəsizliyindən” narahatlıq keçirir.
Hazırda Ermənistan mətbuatının və cəmiyyətinin əsas gündəm mövzularından biri də Cənubi Qafqazın internetlə təmin edilməsində aparıcı yerə malik "Caucasus Online" şirkətinin Azərbaycana aid şirkət tərəfindən satın alınmasıdır.
Məlumat üçün bildirək ki, 2006-cı ildə təsis edilən “Caucasus Online” bölgənin aparıcı telekommunikasiya şirkətidir. Şirkət Gürcüstanla yanaşı Azərbaycan və Ermənistanı internetlə təmin edir. Azərbaycanın “NEQSOL Holdinq” şirkəti isə “Caucasus Online”-ın səhmlərinin 100%-ni alıb. Bu da Ermənistanın “informasiya təhlükəsizliyi” barədə həyəcan təbili çalmasına səbəb olub.
Əslində, hələ 2019-cu ildə "Caucasus Online" şirkətinin səhmlərinin 49%-i Azərbaycan şirkəti tərəfindən alınıb. Bir neçə gün əvvəl isə sözügedən şirkətin sahibi Xviç Makatsaria səhmlərin qalan 51% -ni də azərbaycanlı investor Nəsib Həsənova təhvil verib.