“COVAX hazırda, sanki, manipulyasiya ilə məşğul olur, çünki onlar verdikləri vədə əməl etmirlər. Hesab edirəm ki, mövcud vəziyyət dünyadakı ədalətsizliyin növbəti təcəssümüdür”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Deputat bildirib ki, Prezidentin bir neçə ay öncə COVAX-la bağlı qeyd etdiklərinin daha bariz nümunəsi ortaya çıxıb: “Görürük ki, ədalətlilik prinsipi, doğrudan da, pozulur və COVAX verdiyi vədləri yerinə yetirmir. Azərbaycan dövləti dünyada ədalətin, insanpərvərliyin üstün tutulmasının hər zaman tərəfdarı olub, bu prinsipləri öz əməli ilə dünyada təbliğ edib. Belə ki, pandemiyanın hələ ilk aylarında Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan dövləti pandemiya ilə mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə edib, 30-dan çox dövlətə yardım göstərib. Çox təəssüflər olsun ki, dünyada artıq vaksinlə bağlı haqlı narazılıqlar yaranıb. Belə ki, kasıb və az inkişaf etmiş ölkələrin vətəndaşları vaksinasiyadan keçə bilmirlər, nəticədə əhalinin sağlamlıq durumunda ciddi problemlər yaranır. COVAX adlı təşkilat isə, sanki, manipulyasiya ilə məşğul olur, çünki onlar verdikləri vədə əməl etməli idilər. Hesab edirəm ki, mövcud vəziyyət dünyadakı ədalətsizliyin növbəti təcəssümüdür. Yadınızdadırsa, bir neçə ay əvvəl cənab Prezident İlham Əliyev öz çıxışında,təəssüflə bildirmişdi ki, baxmayaraq ki, vaksinasiya prosesindən kənarda qalan imkansız dövlətlər var, amma Kanada da daxil olmaqla, bəzi dövlətlər öz əhalisinin sayından dəfələrlə çox vaksin sifariş edib, hətta pulunu əvvəlcədən ödəyiblər”.