Avropanın nüfuzlu dövlətlərindən olan Almaniyada son vaxtlar özünü qabarıq şəkildə göstərən anti-Azərbaycan təbliğatı, ölkəmizə qarşı qərəzli münasibət ciddi təəssüf və məyusluq doğurmaya bilməz. Təkcə yazılı və elektron mediada deyil, az qala, hakimiyyət orqanları səviyyəsində aparılan bu kampaniya ən əvvəl zaman göstəricisi baxımdan diqqət çəkir.
Doğrudur, işğalçı Ermənistana qarşı 44 günlük Vətən müharibəsi dövründə Almaniya gözlədiyimiz ədalətli yanaşma sərgiləməsə də, Fransa qədər açıq-aşkar ermənipərəst mövqe də tutmadı. Almaniya Bundestaqı (parlament) Fransa parlamenti kimi qondarma rejimin “müstəqilliyini” tanıyan absurd qətnamə də qəbul eləmədi. Lakin hələ müharibə gedə-gedə özünü müəmmalı aparmağa başladı, az sonra halal hərbi qələbəmizə kölgə salmaq üçün rəsmi səviyyədə əlindən gələni elədi. Bu barədə ötən yazılarda yazmışıq.
Ancaq artıq Fransa susub, Almaniyanın isə sanki “ikinci nəfəsi” açılıb, “estafeti” bütünlüklə Parisdən alaraq ölkəmizə haqq eləmədiyimiz pislikləri edir. Görəsən niyə? Nədən Azərbaycan olaraq Avropanın aparıcı dövlətlərindın olan Böyük Britaniyanın deyil, məhz Fransanın, indi isə Almaniyanın hədəfinə gəlmişik?
Bəzi ehtimallara görə, Böyük Britaniya Avropa Birliyini tərk etdikdən sonra qurumda söz sahibliyi Fransa-Almaniya cütlüyünə keçdiyi üçün bu iki dövlət bir növ vaxtaşırı hansısa formada siyasi güc nümayişinə ehtiyac duyur.
Bu yerdə xatırladaq ki, İngiltərə 2-ci Qarabağ savaşında ölkəmizə qarşı çox normal, ədalətli mövqe sərgiləyib və müharibənin gedişində BMT TŞ-də Azərbaycan əleyhinə hazırlanan sənəd layihəsini əngəlləyən əsas dövlətlərdən biri olub. Və bu davranış yalnızca neft (enerji) maraqları ilə (BP) əlaqəli deyil. Eyni zamanda, rəsmi Londonun Bakı və Ankara ilə Güney Qafqazla bağlı üst-üstə düşən maraqları, İngiltərənin destruktiv yox, qurucu siyasəti ilə ilgilidir. Hansı ki, Rusiyanın regiondakı uzaqgedən maraqlarına, yumşaq desək, uyğun gəlmir. Təsadüfi deyil ki, Almaniyada anti-Azərbaycan kampaniyası anti-Türkiyə isteriyası ilə paralel gedir.
London-Moskva münasibətləri isə kifayət qədır sərindir. Az öncə Böyük Britaniya hökuməti açıqladığı hesabatda hətta Rusiyanı özünə əsas təhlükə saydığını bəyan eləmişdi. Almaniya isə tam əksinə, AB və NATO üzvü olsa da, Rusiya ilə çox isti münasibələrdədir. Burada sözsüz ki, qaz (enerji) amili az rol oynamır. Məlumdur ki, Berlin Rusiya qazının Ukraynadan yan keçməklə Avropa bazarına çatdıracaq “Şimali axını-2” kəmərinin əsas qarantorudur. Hansı qaz kəməri ki, Avropanın Rusiyadan enerji asılılığını daha da artıracaq.
Məhz bu səbəbə ABŞ başda olmaqla, bir çox Qərb dövlətləri Ukraynaya, Gürcüstana və Moldovaya qarşı işğalçılıq siyasəti yürüdən Moskvanın Avropada əlini güclədirəcək və inşası xeyli irəliləmiş “Şimali axını-2” kimi meqa-layihəni əngəlləməyə çalışır. Almaniya isə bütün Avropanın əleyhinə olan bir layihəyə dəstək verir. Başqa sözlə, Kremlin qitəyə təbii qaz vasitəsilə siyasi təzyiq rıçaqının nəinki qalmasına, üstəlik güclənməsinə səy edir.
Almaniyada ölkəmiz əleyhinə basqıların və təbliğat kampaniyasının Azərbaycan təbii qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizinin (CQD) son seqmenti kimi TAP-ın işə düşməsindən dərhal sonra şiddətlənməsi bu xüsusda məxsusi diqqət çəkir. Müharibə bitəndən az sonra isə Bakı Aşqabadla Xəzərdəki mübahisəli neft-qaz yatağı ilə bağlı tarixi memorandum imzaladı və bu da imkan verəcək ki, gələcəkdə türkmən qazı da CQD ilə Avropaya nəql edilsin, Avropanın enerji təhlükəsizliyində ölkəmizin önəmi daha da artsın.