“Azərbaycana qarşı haqlı olmayan münasibətə səbəb Almaniyanın siyasi iddiaları və burunlarından uzağı görməmələridir”.
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Sabir Rüstəmxanlı deyib.
Deputat qeyd edib ki, Almaniyada son vaxtlar Azərbaycanın Qərbə münasibətinə adekvat olmayan şəkildə aparılan siyasət, Azərbaycanın əleyhinə reallaşdırılan təbliğat, o cümlədən Almaniyanın Azərbaycanda olan səfirinin Qarabağa gedən diplomatlara qoşulmaması, özünü bir sıra proseslərdən təcrid etməsi təəccüblü hadisə deyil: “Avropanın, ümumiyyətlə, Qərb ölkələrinin bu məsələdə mövqeyi bəllidir. Biz bu münasibətin illərdir, şahidi olmuşuq. Azərbaycan torpaqları artıq 30 il idi ki, işğal altında qalmışdı, bir milyon insan qaçqın vəziyyətində yaşayırdı, torpaqlarımız vəhşicəsinə dağıdılıb, eyni zamanada mənəvi, tarixi dəyərlərimiz erməni vandalizminin qurbanı olub. Dünyaya insanlıq mühazirəsi oxuyan beynəlxalq təşkilatlar Xocalı faciəsi kimi soyqırıma susdu. Bu illər ərzində Avropanın səsi çıxmayıb, ermənilər Avropa Şurasının yalnız müəyyən sənədlərində yüngülcə qınanılıb. Halbuki, münaqişənin həlli üçün ATƏT-in xüsusi qrupu yaradılmışdı və ortada BMT qətnamələri var idi. Yəni istənilən halda bu problemin həlli istiqamətində heç bir addım atılmayıb. Bu səbəbdən, hazırda Almaniyanın Azərbaycana qarşı bu cür yaraşmayan münasibətinə təəccüblü yanaşmaq lazım deyil”.
Sabir Rüstəmxanlının sözlərinə görə, əgər tarix boyu baş verən bütün səlib yürüşlərinin qarşısı Anadoluda türklər tərəfindən dayandırılmasaydı, onlar bütün Yaxın Şərqi silib-süpürüb, məhv edərdilər: “Yüz illərlə davam edən - Şərqə yuxarıdan aşağı baxmaq, İslam aləmini qaralamaq, İslama terror damğası vurmaq ənənələri Avropada xəstə ovqat yaradıb. Biz nə qədər onlara, onların ədəbiyyatı, mədəniyyəti və tarixinə sayqı və hörmətlə yanaşırıqsa, onlar da bir o qədər bizə qarşı sayğısız davranırlar. Avropada yalnız Yohann Göte, Hammer kimi tək-tük adamlar Şərqə normal münasibət bəsləyiblər, bizi öyrənməyin əhəmiyyətini hiss ediblər. Digər hallarda Şərq aləminə, o cümlədən Qafqaza qarşı reallıqlarla uzlaşmayan münasibət sərgilənib. Təəssüf ki, bu tendensiya Avropada indi də davam edir. Avropa qədim yunan antik ədəbiyyatını ərəb tərcümələrindən öyrənib. Yəni Avropa indi yunanların qədim ədəbiyyatını, yunan fəlsəfəsini bilirsə, buna görə Şərqə borcludur. Bunun kimi elə bir sıra elmlərin təməli də məhz Şərqdə qoyulub. Sadəcə, təəssüflər olsun ki, biz bunları yarımçıq saxladığımız üçün Qərb özü öyrənərək inkişaf etdirib. Bu gün belə, Şərq dünyası bütün olub keçənləri unudub dünyamızı qitələrə və dinlərə bölüb parçalamağın, qarşıdurmanın tərəfində deyil. Çünki Qərb-Şərq, Xristian-İslam qarşıdurması yaratmaq ibtidai təfəkkürün məhsuludur. Bu gün xristianlığı İslama qarşı qoymaq, məscidləri qadağan etmək, İslam aləmi ilə bağlı müxtəlif riyakar əməllərə əl atmaq və s. onu göstərir ki, Avropanın Şərqə münasibətindəki xəstə meyllər hələ də aradan qaldırılmayıb. Azərbaycana münasibət də, fikrimcə, elə bu ənənənin bir parçasıdır”.
Deputat dəfələrlə Avropanın ikili stadartlarının şahidi olduğunu vurğulayıb: “Ermənilər və onların havadarları Avropada ciddi təbliğat işləri aparırlar. Məsələn, Fransada ermənilər çoxdur və onlar Fransanın həyatında özləri üçün köklü yer tutublar. Onların təsiri ilə Prezident Makron başda olmaqla, bütün Fransa hakimiyyəti bilmədikləri şeylərə burunlarını soxurlar. Qarabağın coğrafi yerini belə bilmədən Azərbaycanın haqq savaşı, həm tarixi, həm də beynəlxalq hüquqla təsbit olunan haqqının bərpası uğrunda Vətən Müharibəsi zamanı qeyri-obyektiv mövqe tutmuşdular. Biz dəfələrlə Avropanın ikili stadartlarının şahidi olmuşuq. Misal üçün, Suriya savaşı zamanı Türkiyə humanizm prinsiplərinə əməl edərək, insanlıq mərhəməti ilə milyonlarla qaçqını qorudu, lakin Avropaya 500 qaçqın gedən kimi onlar şüvən qoparırlar. Əgər şüvən qoparırsansa, o zaman savaşı durdur, insan faciələrinin baş verməsinə icazə vermə”.
Sabir Rüstəmxanlının fikrincə, buradan Almaniyaya iş dalınca gedənlər, erməni təcavüzünün qurbanı olan insanlar orada yerləşirlərsə, bu, Almaniyanı narahat etməməlidir. “Onlar türkləri hər zaman işçi kimi aparıblar. Belə çıxır ki, türklər işləsin, sənin ölkəni abadlaşdırsın, sənə istədiyin şəkildə xidmət göstərsin və nəticədə isə sən onlara yuxarıdan aşağı bax?! Bu mümkün deyil. Hesab edirəm ki, Almaniya cəmiyyəti də bunu qəbul etməz. Çünki türklər orada oturuşublar, cəmiyyətlə qaynayıb-qarışıblar. Azərbaycana qarşı haqlı olmayan münasibətə səbəb Almaniyanın siyasi iddiaları və burunlarından uzağı görməmələridir".
Nəzrin Cavid