Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması gözlənilir.
Pravda.az xəbər verir ki, VI çağırış Milli Məclis 2020-ci ilin əvvəlində formalaşsa da, MSK-nın tərkibi hələ də yenilənməyib.
Qanunvericiliyə əsasən, MSK-nın üzvlərini yeni formalaşmış Milli Məclis seçir.
Qanuna əsasən, Mərkəzi Seçki Komissiyasının tərkibi 18 nəfərdən ibarətdir. Qurumun 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil etməlidir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə.
Hazırda MSK-nın 17 üzvü var. Məzahir Pənahov sədr, Rövzət Qasımov sədr müavini, Arifə Muxtarova, Mikayıl Rəhimov katib, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, İlkin Şahbazov isə üzvlərdir.
