“Prezident İlham Əliyevin sərəncamlarına əsasən, dövlət idarəetməsindən korporativ idarəetmə və strukturlaşmaya keçilib. Bu islahatlar idarəetmədə çox ciddi dəyişiklik deməkdir. Mahiyyət ondan ibarətdir ki, həmin müəssisələrə məxsus müəyyən mülklərin nəinki korporativ idarəetmə prinsipləri müəyyən ediləcək, eyni zamanda rentabelli olmayan sahələrin də gələcəkdə özəlləşdirilməsi mümkün olacaq”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

Deputat bildirib ki, sərəmcamlar əhali ilə ən çox təmasda olan sahələri əhatə edir: “Çox ciddi addımlar atılıb. Bu sərəncamların hər birində xırda fərqlər olsa da, ümumi mahiyyət eynidir. Beləliklə, sərəncamların ümumi mahiyyətində təşkilatların struktur dəyişikliyi, idarə olunması, kadrların seçilməsi, fəaliyyətlərinin təmin olunmasının yolları göstərilir. Bildiyiniz kimi, sözügedən sərəncamlar üzrə artıq Müşahidə Şuralarının da tərkibi təsdiq edilib. Ötən gün imzalanan sərəcamların hər birində Cəmiyyətlərin idarə olunmasındakı əsas funksiyalar bir neçə yerə bölünür. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələsini qoymaq, onların Müşahidə Şurasının və icra orqanlarının rəhbərlərinin vəzifəyə təyinetmə və vəzifədən azadetmə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həvalə olunur. Eyni zamanda, Azərbaycan İnvestisiya Holdinqinə hər bir Cəmiyyətin nizamnamə strukturlarının və maliyyə hesabatlarının təsdiq edilməsi, kapitalın müəyyən olunması, auditlərin təmini, dövlət siyastinə uyğunlaşdırılması, qiymətli kağızların buraxılması və s. kimi məsələr həvalə edilir. Bununla yanaşı, Cəmiyyətlərin hər birinin Müşahidə Şuraları da müstəqil olaraq Cəmiyyətin inkişaf strategiyasını müəyyənləşdirəcək, xərclər və gəlirlər smetasını təyin edəcək”.