Gorusdan bir qədər aralıda, Ermənistanın Azərbaycanın Laçın rayonu ilə sərhəd Xnatsax kəndinin ətrafında mövqe tutan erməni hərbçiləri deyirlər ki, azərbaycanlı hərbçilər onları dörd tərəfdən üzük kimi əhatəyə alıb. Və istədikləri vaxt onların postunu tuta bilərlər.
Bu haqda Ermənistanda nəşr edilən “Qraparak” (“Meydan”) qəzeti yazır. Bildirilir ki, Xnatsax kəndinin ətrafında kiçik erməni blok-postu qalır, onu erməni hərbçiləri qoruyur. Hərbçilərə kənd sakinləri, könüllülər, müharibə veteranları kömək edir. “Onlar həmin postun kənd üçün həyati əhəmiyyətini dərk edirlər. Bu mövqe Azərbaycan qoşunları tərəfindən mühasirəyə alınıb. Əgər rəqəmləri açıqlamasaq o zaman qüvvələr nisbəti belədir-düşmən bizim qüvvələr üzərində ikiqat üstünlüyə malikdir”,-nəşr bildirir.