Xəbər verdiyimiz kimi, martın 31-də Rusiyanın müdafiə nazirinin müavini Dmitri Bulqakov Dağlıq Qarabağa səfər edib. Səfər zamanı Xankəndidə 250 nəfərlik modul tipli şəhərciyin açılışına qatılan nazir müavini yaxın gələcəkdə ermənilər üçün Şuşada da şəhərcik salınacağı barədə məlumat verib. D.Bulqakovun bu açıqlaması birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı Pravda.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas danışıb.
Deputat Şuşada ermənilər üçün şəhərcik salınması ilə bağlı açıqlamaya münasibət bildirərkən "qələt edib belə açıqlamalar verirlər" deyərək fikrini ifadə edib.
A.Abbas əlavə edib ki, belə qeyri-ciddi davranış sülhməramlıların fəaliyyətini şübhə altına alır: "Onların fəaliyyətləri gəldikləri müddətdən şübhəlidir. Mən bunu demişəm, yazmışam və həmişə də yazacam. Amma əvvəl-axır rədd olub gedəcəklər".
Deputat həmçinin qeyd edib ki, Rusiyanın müdafiə nazirinin müavini Xankəndiyə gedə bilər: "Çünki Xankəndidə Rusiyanın kontingenti yerləşdirilib. Amma yalnız bir şərtlə... O, Xankəndiyə Azərbaycandan keçib getməli idi! Belə olmadığına görə hər-halda rəsmi qurumlar bu barədə tədbir görəcəklər".