Sabiq baş nazir, AXP sədri Pənah Hüseyn sensasiyalı açıqlama verib. Deyib ki, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə aid intim video xarici kəşfiyyat orqanları tərəfindən çəkilib. Siyasətçinin sözlərinə görə, bu barədə ona hakimiyyət düşərgəsindən bildiriblər. Xarici kəşfiyyat orqanlarının Azərbaycan vətəndaşlarının şəxsi həyatına dair video çəkməsi nə dərəcədə realdır? Məsələni Yenisabah.az-a şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnk-leytenant İlham İsmayıl qeyd edib ki, Azərbaycanda hakimiyyət uğrunda kəskin mübarizə getmir. Yəni mövcud hakimiyyətin qalmasını istəyən hansısa xarici kəşfiyyatın müxalif birinə qarşı bu cür kompromat hazırlamasına ehtiyac yoxdur:
“Xarici kəşfiyyat çox geniş anlayışdır. Təsəvvür edin ki, burda ABŞ da var, Rusiya da, digər bir çox ölkələr də. Fikirləşək, görək, kimin marağında olar ki, Azərbaycan müxalifətindən kiminsə ailəsindən ifşaedici material əldə etsin və burada müxalifətin hakimiyyətə gəlməsinə mane olsun?! Belə götürdükdə Azərbaycanda nə elə güclü bir müxalifət var, nə də onlar hakimiyyət uğrunda savaşmaq ərəfəsindədirlər. Belə bir şey olmadığına görə də hansısa ölkənin narahatlığına da ehtiyac qalmır ki, mövcud hakimiyyətin getməsinin ona zərəri toxunar. Azərbaycanda hakimiyyət uğrunda kəskin mübarizə yoxdur. Tutaq ki, Rusiya Cəmil Həsənli və yaxud onun mənsub olduğu düşərgənin qərb yönümlü olduğunu düşünür. Bəlkə burada İran və ya Rusiya kəşfiyyatı mövcud hakimiyyəti müdafiə etməyə maraqlı olar. Amma mən hətta ona belə inanmıram ki, Rusiya və ya İran hakimiyyəti müdafiə məqsədilə Azərbaycan müxalifətindən kiməsə kompromat hazırlasın”.