Bu gün Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının ticarət naziri Ruhsar Pekcanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, spiker bu səfərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın dünya siyasi münasibətlər sistemində alternativi yoxdur.
Parlamentin Sədri Azərbaycanın apardığı 44 günlük müharibə dövründə Türkiyənin qardaş ölkə olaraq Azərbaycanın yanında yer almasını, ölkəmizə siyasi və mənəvi dəstək göstərməsini xüsusi qeyd edib: “Vətən müharibəsi dönəmində Türkiyə parlamentinin müxtəlif səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfərləri və erməni təcavüzünə məruz qalmış bölgələrdə vəziyyətlə yerində tanış olmaları Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “bir millət, iki dövlət” ifadəsinin real həyatda təcəssümüdür”.
Görüşdə bildirilib ki, iqtisadi sahədə də münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir: “İki ölkə arasında ticarət dövriyyəsinin həcmi və qarşıya qoyulan hədəflər bu fikri söyləməyə əsas verir. Azərbaycanla Türkiyənin reallaşdırdığı neft, qaz və nəqliyyat layihələri ölkələrimizin bölgədəki rolunu daha da artırır”.