Prezident yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqlənəcək.
Pravda.az-ın xəbərinə görə, komissiyanın yeni sədri təyin olunacaq və tərkib açıqlanacaq.
Prezident Administrasiyasının rəhbəri həm də Əfv Komissiyasının sədri olur. Qanunda bununla bağlı hansısa qadağa və ya tələb yoxdur. Sadəcə, komissiya yarandığı gündən bu günə qədər belə olub. Çünki ölkə başçısının əfv etmək hüququ var. Bunun təşkilati, texniki həllini də prezident özü müəyyənləşdirir. Bu zaman təşkilati, texniki həllə bağlı müvafiq komissiya yaradılır.
Hazırda komissiyanın sədri Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.
Ötən ilin sentyabrında prezident fərmanı ilə komissiya üzvləri sırasından Ramil Usubovun adı daxili işlər naziri Vilayət Eyvazov və Mədət Quliyevin adı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev sözləri ilə əvəz edilib. Komissiyanın hazırkı digər üzvləri barədə isə PA-nın rəsmi saytında 2016-cı ilə aid məlumatlardır.
Həmin məlumatda komissiya üzvləri ədliyyə naziri Fikrət Məmmədov, mədəniyyət naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Milli Məclisin V çağırış üzrə deputatları Əhliman Əmiraslanov, Bəxtiyar Əliyev, Azay Quliyev, Səttar Möhbalıyev, Elmira Axundova, Məlahət İbrahimqızı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, əməkdar müəllim Cəmilə Ramazanovadır. Komissiyanın katibi isə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılovadır.
Komissiya üzvü Rəşad Məcid ile ilgili görsel sonucu
Komissiya üzvü Rəşad Məcid bildirdi ki, komissiyanın yeni sədri və tərkibinin təyin olunması prezidentin səlahiyyətində olan məsələdir. Onun sözlərinə görə, mütəmadi olaraq ona komissiya üzvü kimi müraciətlər daxil olmaqdadır: “Biz də bu müraciətləri göndəririk. Mənim kimi digər komissiya üzvlərinə də yəqin ki, çoxlu müraciətlər olur. Ona görə də şübhəsiz ki, prezidentin sərəncamı ilə yeni sədr və tərkib təyin olunmalıdır, iclaslar başlamalıdır”.
R.Məcid yeni tərkibin üzvləri sırasında dəyişikliklər olacağını istisna etmədi: “Ola bilsin ki, üzvlər də dəyişdi. Hər halda, yaxın vaxtlarda sədr və tərkib təyin olunsun, iclaslar da başlayacaq”.