Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni kadr təyinatları aparılıb.
İdarədən Pravda.az-a vverilən xəbərə görə, Təhsil nazirinin müvafiq əmrlərinə əsasən, BŞTİ-nin müdir müavini vəzifələrinin icrası İdarənin İnsan resursları sektorunun müdiri Raman Məmmədova və Təminat və təchizat sektorunun müdiri Şahin İsgəndərova həvalə edilib.
Qeyd edək ki, Məmmədov Raman Ağamalı oğlu 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirib. 2004-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində hüquq məsləhətçisi, baş məsləhətçi, Hüquq sektorunun müdiri, 2011-2012-ci ildə «Aqrolizinq» ASC-nin Hüquq şöbəsində aparıcı mütəxəssis, 2012-ci ildə "Texno-Atinak" MMC-də hüquqşünas, 2012-2015-ci illərdə "Absheron Construction" MMC-də Hüquq və İnsan resursları şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Təhsil nazirinin 2015-ci il 28 dekabr tarixli əmri ilə BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunub.
Raman Məmmədov hazırda BŞTİ-nin İnsan resursları sektorunun müdiri və İdarənin müdir müavini vəzifəsinin icraçısıdır.