"Təəssüflər olsun ki, bu gün Rusiya mətbuatı ermənilərin əlindədir. Bunun sayəsində ermənilər öz siyasətlərinə qulluq edən informasiyaları Rusiya mediasında istədikləri şəkildə yaymaqla məşguldurlar. Hesab edirəm ki, Rusiya kanallarında Azərbaycana qıcıq verən mövzuların gündəmə gətirilməsi imzalanmış üçtərəfli bəyanatın icrasını şübhə altına sala bilər".
Bunu Pravda.az-a Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov deyib.
Deputat bildirib ki, Rusiyanın "Birinci kanalı"nda Azərbaycana qarşı səsləndirilən fikirlərin müxtəlif siyasi verilişlərdə şahidi olmuşuq: "Müxtəlif erməniyönümlü siyasətçilərin iştirakı ilə Rusiya cəmiyyətində bizə olan münasibəti dəyişmək, ermənilərin haqlı olduğunu sübut etməyə istiqamətlənmiş siyasi verilişləri çox izləmişik. Əlbəttə ki, bu cür addımlar yolverilməzdir. Rusiya hökuməti bu məsələlərə nəzarət etməlidir. Çünki Rusiya həm də ATƏT-in Minsk Qrupunun üzvü olduğu üçün neytrallığını qorumalıdır. Digər tərəfdən, Rusiya imzalanmış üçtərəfli bəyanatların həm iştirakçısı, həm də bəyanatların həyata keçirilməsində əsas rol oynayan ölkədir".