Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi, görkəmli tarzən-pedaqoq, muğam bilicisi, əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü Oqtay Quliyev vəfat edib.
“Report” xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, O.Quliyev 1938-ci ildə Ağdamda anadan olub, sənətə ilk addımını rayon musiqi məktəbində atıb, onun tar ixtisası üzrə yüksək pedaqoji təcrübəyə malik müəllimləri həm not iztisası, həm də muğam sənəti üzrə sirlərini öyrədiblər. Müəllimlərinin məsləhətilə Bakıya gəlib və təhsilini A.Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində davam etdirib. Burada məşhur sənət xadimlərindən xalq artisti, professor Səid Rüstəmov və xalq artisti, muğam sərrafı Əhməd Bakıxanovdan ixtisas dərsləri alıb. Tələbəsinin istedadını yüksək qiymətləndirən Səid Rüstəmov ona böyük etimad göstərərək, bədii rəhbəri və baş dirijoru olduğu əməkdar kollektivə - xalq çalğı alətləri orkestrinə solist işləməyə dəvət edib.
Oqtay Quliyev əvvəl Səid Rüstəmovun tar ixtisası sinfində iki il təhsil alıb, sonrakı illərdə dirijorluq sahəsində püxtələşib və həmin sinifi müvəffəqiyyətlə bitirib. Səid Rüstəmov və Süleyman Ələsgərov kimi görkəmli sənətkar və pedaqoqlardan ixtisas təhsili alıb.