Meksikanın aparıcı mətbu orqanlarından olan “Reforma” və “Excelsior” qəzetlərində səfir Məmməd Talıbovla müsahibələr əsasında işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın apardığı minatəmizləmə və yenidənqurma işləri barədə yazılar dərc olunub.
Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən verilən məlumata görə, “Müharibədən sonra Azərbaycan məcburi köçkünlərin geri qaytarılmasını hədəfləyir” və “Yenidənqurma planı həyata keçirilir” başlıqlı yazılarda ilk olaraq, 44 günlük müharibənin yekununda Azərbaycanın öz ərazilərinin böyük hissəsini azad etdiyi, ötən ilin noyabrında tərəflər arasında əldə edilmiş atəşkəs razılaşmasına uyğun olaraq Ermənistanın öz silahlı qüvvələrini işğalda saxladığı digər ərazilərdən çıxartdığı, regionda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi, eləcə də müvafiq nəqliyyat dəhlizlərinin təsis edilməsinin nəzərdə tutulduğu qeyd edilir.
M.Talıbovun sözlərinə istinadən, azad edilmiş şəhər və qəsəbələrin tamamilə dağıdılmış vəziyyətdə olduğu, Ermənistan burada olduqca geniş əraziləri xeyli vaxt ərzində minaladığı və bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi bildirilir.