Aprelin 9-da Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan BMT Baş Assambleyasının prezidenti Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Pravda.az-a verilən məlumata görə, Parlamentin Sədri Azərbaycanın BMT ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edilib ki, ölkəmiz bu nüfuzlu beynəlxalq təşkilatın orqanları ilə sülh və təhlükəsizlik məsələlərinə dair müzakirələrdə fəal iştirak edir, qurumun xətti ilə keçirilən tədbirlərə öz layiqli töhfəsini verir. Heç də təsadüfi deyildir ki, müstəqil Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü olduğu dövrdə Prezident İlham Əliyevin sədrliyi ilə terrorizmlə mübarizə və BMT ilə İslam dünyası arasında tərəfdaşlıq məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüşlər keçirilib. Ölkəmiz beynəlxalq təhlükəsizliyə dair mühüm qərarların qəbul olunmasında yaxından iştirak edib. Azərbaycan sülhməramlıları BMT-nin mandatı ilə bu gün də Əfqanıstanda və Cənubi Sudanda sülhüqoruma əməliyyatlarında fəal iştirak edirlər.
Sahibə Qafarova bildirib ki, Azərbaycan qlobal xarakterli məsələlərin həllində də səylərini əsirgəmir. Belə ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidentinin təklifi ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib. Sessiyada bu məsələdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Milli Məclisin Sədri qonağın təmsil etdiyi təşkilatla ölkəmiz arasında “2021-2025-ci illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi sənədi”nin imzalanmasını yüksək dəyərləndirib.