Ramana, Nardaran, Bilgəh, Mərdəkanın dördkünc və dairəvi qalaları... Tarixə şahidlik edən bu tikililər Abşeronun əhəmiyyətli abidələri sırasınadır. Amma nədənsə əksəriyyətimiz Bakı və Bakı ətrafındakı bu qalalar haqqında az məlumatlıyıq.
Pravda.az xəbər verir ki, səbəbini Azərbaycan Televiziyası Ramana qalası fonunda araşdırıb, sözügedən tikilinin vəziyyəti ilə maraqlanıb.
Ramana qalasının nə dəqiq tarixi bəllidi, nə də hansı məqsədlə inşa edildiyi. Bəlli olan isə budur ki, Ramana qalası tarixin bizə bəxş etdiyi əhəmiyyətli abidələr sırasınadadır. Qalanın daş kitabəsinin itməsi onun haqqında dəqiq məlumat əldə etməyi çətinləşdirir.
İlk baxışdan sadə görünən bu əzəmətli divarlar əsrlər boyu neçə-neçə sakini düşməndən qoruyub. Ağ daşdan tikilən müdafiə qalası Şirvanşahlar dönəmində qəsr kimi də fəaliyyət göstərib. Hazırda isə buranın qorunması, demək olar ki, yaxınlıqda yaşayan ailənin ümidinə qalıb.
"Koroğlu", "Nəsimi", "Babək" filmlərinin çəkilişlərinə şahidlik edən qalanın inşasında dəvə yunundan və yumurtanın ağından da istifadə olunub. 1950-ci ildə restavrasiya edilsə də, daxilində təmir işləri aparılmayıb.