“Bu, çox ciddi mövzudur. Erməni tərəfi Azərbaycanın saxladığı terrorçularla bağlı dezinformasiya yayıb. Əvvəla, nəzərə almaq lazımdır ki, aprelin 8-də cənab Prezident Rusiya baş prokurorunu qəbul edib. Ehtimal edirəm ki, görüşdə terrorçularla bağlı məsələ müzakirə olunub. Şübhəsiz ki, Azərbaycan və Rusiya Prezidentləri arasındakı telefon danışıqları zamanı da bu mövzuya toxunulub. Elə Paşinyan da Putinlə görüşlərdə bu məsələni media qarşısında qaldırır. Ancaq Azərbaycan Prezidentinin və dövlətinin fikri qətidir. Xarici işlər naziri Ceyhun Bayramovun bəyanatında açıq göstərilir ki, 10 noyabrda müharibə dayandırıldıqdan sonra Azərbaycan ərazilərinə keçən və həbs edilən şəxslər ancaq terrorçu və təxribatçı ola bilər. Bu məsələ bağlanıb. Dövlətin qətiyyətli mövqeyi ortadadır”.
Bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Sülhməramlı kontingentin komandanı Rüstəm Muradovun İrəvan hakimiyyətini təxribatçı adlandırmasına diqqət çəkən millət vəkili bildirib ki, Azərbaycan və Rusiya arasında ciddi danışıqlar gedib:
“Bu danışıqlar, şübhəsiz ki, 10 noyabr sazişinin yerinə yetirilməsi, Azərbaycanın öz süveren ərazilərində hakimiyyətinin bərpa olunması ilə bağlıdır. Laçın dəhlizi, Xankəndi, digər ərazilərlə bağlı Azərbaycanın mövqeyi qətidir. Məndə olan məlumata görə, razılıq var ki, Xankəndində Azərbaycanlı icmasının ofisi olsun. Yəni, tədricən köçürülmə prosesinə start verilsin və sülhməramlı missiya da həqiqətən sülh yaratmaqla məşğul olsun. Sual olunur: Xankəndində əgər ancaq ermənilər varsa, o zaman Muradovun rəhbərlik etdiyi kontingent kimlər arasında sülh yaradır? Axı orada Azərbaycan icması yoxdur. Sülh yaratmaq, təmin etmək üçün ora azərbaycanlılar köçürülməlidir, hansı ki onlar Xankəndində yaşamış şəxslərdir”.