Ermənistanın bir sıra keçmiş məmurları "Dzora SES"in özəlləşdirilməsi prosesində vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə əlaqədar açılan cinayət işi üzrə ittiham olunurlar.
"Qafqazinfo" "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətinin məlumatına görə, iş üzrə ibtidai istintaq başa çatıb. İttiham olunanlar sabiq müdafiə naziri Seyran Ohanyan, Dövlət Xidmətləri Tənzimləmə Komissiyasının keçmiş sədri Robert Nazaryan, onun müavini Nikolay Qriqoryan, komissiya üzvləri Şiraz Kirakosyan, Muşeq Koşetsyandır.
İstintaq məlumatlarına əsasən, 2010-cu ildə müdafiə naziri Seyran Ohanyanın imzaladığı gizli qərarla bir sıra qanunları pozaraq "Dzora" SES QSC-nin 4 milyard 646 milyon 400 min dram (təxminən 9 milyon dollar) dəyərində olan səhmlərinin bloku - "Dzoraget Hydro" üçün nəzərdə tutulan 3 milyard 600 milyon dramı (təxminən 7 milyon dollar) mənimsənilib.