Son günlərdə Rusiya prezidenti Vladimir Putinin üç qubernatoru vəzifəsindən azad etməsi diqqət çəkib.
Penza vilayətinin rəhbəri İvan Belozertsevin həbsindən sonra daha üç qubernator “könüllü” istefa verib. Diqqəti çəkən əsas məqam hər üç qubernatorun müdafiə naziri, Putinin varisi olacağı deyilən Sergey Şoyquya yaxın olmasıdır.
İstefaya gedənlərdən biri müdafiə nazirinin yerlisi, Tuvanın başçısı Şolban Kara-Ooldur. Kara-Ool qubernator vəzifəsini 14 il icra edib. Yeni seçkilərədək onun yerini Vladislav Xovalıq tutacaq.
“Könüllü” istefaya gedən ikinci məmur Ulyanovsk qubernatoru Sergey Morozdur. O, istefasını payızda keçiriləcək parlament seçkilərində iştirakı ilə əlaqələndirib. Təhlilçilərin fikrincə, bu, Kremlin keçmiş Ulyanovsk qubernatorunu cəzalandırmayacağı anlamına gəlir, ancaq ona qarşı ittihamlar var və sakit təqaüd gözləməyə də bilər. Ulyanovsk qubernatoru vəzifələrinin müvəqqəti icrası Aleksey Russkiyə tapşırılıb. O, bir dönəm kommunistlərin Dövlət Dumasında təmsilçisi olub, amma iddialara görə, Ulyanovskın yeni sahibinin atası müdafiə naziri Sergey Şoyquya yaxındır və “Tuva klanı”na daxildir.
Həftəsonu Şimali Osetiyanın yeni başçısı təyin edilmiş Sergey Menyailo da hərbçidir. Siyasətə Krımın ilhaqından sonra hərbidən gəlib. Sevastopolun admiral-qubernatoru vəzifəsindən sonra Sibir federal dairəsinə prezidentin xüsusi nümayəndəsi təyin edilib. O, Sergey Şoyqu ilə əlaqələndirilən üçüncü qubernatordur.
“Rosbalt” bildirir ki, prezidentlə "Tayqa toplantısından" sonra müdafiə nazirinin mövqeyinin gücləndirildiyi göz qabağındadır. Təbii ki, bu təyinatlar Sergey Şoyqunun Putinin varisi olacağı mövzusunu yenidən aktuallaşdırıb. Sanki belə təəssürat yaranır ki, Putin Müdafiə Nazirliyinin rəhbərinə minnətdar olduğunu hiss etdirmək istəyir.