Cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 3 il ötür. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Prezident seçkiləri zamanı qələbə qazanan İlham Əliyev aprelin 18-də Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq and içib, növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başlayıb. Dövlət başçısı bu üç il ərzində verdiyi vədləri yerinə yetirib. Prezident İlham Əliyev “Bizim sözümüz imzamız qədər keçərlidir” ifadəsini əbəs yerə səsləndirməyib. Həqiqətən də 2018-ci ildən başlayaraq ölkədə həyata keçirilən islahatlar daha da sürətləndirilib, daha çevik idarəçilik siseminə keçid edilib, proses bu gün də davam etməkdədir. Bu müddətdə tarixə qızıl hərflərlə yazılacaq 44 günlük Vətən Müharibəsi başladı, Azərbaycan 30 ildir, işğal altında olan torpaqlarını azad etdi. Xalq “dəmir yumruq” kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi, düşmənə qalib gəldi. Bununla da BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi. Dövlət başçısı dəfələrlə çıxışlarında erməniləri xəbərdar etmişdi: Danışıqlar uzun müddət davam edə bilməz, münaqişə sülh yolu ilə həll edilməyəcəksə, müharibə olacaq. Belə də oldu. Çünki Prezident Azərbaycan Ordusuna, xalqına arxalanırdı. Elə məhz buna görə də ordu quruculuğuna xüsusi önəm verilirdi. Prezident İlham Əliyev torpaqları işğaldan azad etməklə adını tarixə qızıl hərflərlə yazdırmış oldu. Ali Baş Komandan heç kəsin xəyal etmədiyi reallığı ortaya qoydu.
Milli Məclisin deputatları hesab edirlər ki, cənab İlham Əliyevin prezidentliyi dövründəki şah əsəri məhz Qarabağ torpaqlarının işğaldan azad edilməsidir. Deputatlar Prezident İlham Əliyevin son 3 illik fəaliyyət müddətindəki vacib məqamlara diqqət çəkiblər.
Deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli Pravda.az-a bildirib ki, ötən 3 il Azərbaycan xalqı üçün olduqca önəmli dövrdür.

T.Kərimlinin sözlərinə görə, son 100 ildə heç bir zaman ərazi bütövlüyünü təmin edə bilməyən Azərbaycan bunu məhz İlham Əliyevin prezidentliyi dövründə bacarıb: “Cənab İlham Əliyev həm Ali Baş Komandan, həm müdrik diplomat və həm də məlumatların dünyaya dolğun çatdırılması istiqamətində bir poliqlot kimi olduqca ciddi uğurlar əldə edib. Torpaqlarımızın işğaldan azad edilməsini bu 3 illik müddətdə İlham Əliyevin şah əsəri hesab edirəm. Biz məhz Ali Baş Komandanın sayəsində xalqın və ordunun birliyinə nail ola bildik. Müharibə dövründə bütün siyasi qüvvələr də vahid məcrada bəyanat verərək Prezidenti müdafiə etdilər, Ali Baş Komandan və Azərbaycan ətrafında birləşdilər. Geridə qalan 3 ilin başlanğıcında islahatlar kursunun müəyyən olunması, 9 istiqamət üzrə proqramların qəbul edilməsi, şübhəsiz ki, indi də öz töhvəsini verməkdədir. Həmçinin bu dönəmdə bir sıra nazirliklərdə, mərkəzi icra hakimiyyətlərində kadr islahatları aparıldı və korporativ idarəçiliyə keçildi. Bu keçid prosesi hələ də davam edir və bu, elə bir eradır ki, gələcəkdə rentabelli olmayan sahələrin özəlləşməsinə də imkan yaradacaq. Hesab edirəm ki, bu 3 ildə ciddi işlər başladılıb: Məhkəmə-Hüquq Şurasında artıq müvafiq addımlar atılıb, cəzaların yumşaldılması istiqamətində işlər davam etdirilir. Eyni zamanda, vacib məsələlərdən biri olan Cinayət Məcəlləsinin 200-ə yaxın maddəsində müəyyən dəyişiklər edilib. Təkrar edirəm, bu dövr həm islahatların icrası, həm də müharibədəki qələbəmiz baxımından olduqca önəmlidir”.
Millət vəkili Cavanşir Paşazadə cənab İlham Əliyevin prezidentlik fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyinə şübhə etmir.

Deputat bildirib ki, Prezidentin regionda söz sahibi olması bizim başımızın ucalığı, cənab İlham Əliyevin gücü və qüvvəsidir: “İlham Əliyevin, ümumiyyətlə, 17 illik prezidentliyi dövründə apardığı siyasət ordunun və iqtisadiyyatın güclənməsinə, bu da öz növbəsində ən böyük problemimiz olan Qarabağın azad olunmasına gətirib çıxardı. Prezident ötən 3 il müddətində də, təbii ki, uğurlu siyasətini tam şəkildə həyata keçirdi, işğal altında olan torpaqlarımızı işğaldan azad etdi və beləliklə, dünyaya bildirdi ki, doğrudan da Azərbaycan xalqının rəhbəri, Ali Baş Komandanı, ordusu və xalqı bu qələbəni qazanmağa qadirdir. Azərbaycan xalqı hər zaman dövlət başçısını dəstəkləyir. Bu gün Azərbaycan, əlbəttə ki, Cənab İlham Əliyevin gördüyü işlər nəticəsində bölgənin ən qabaqcıl dövlətlərindən biri olmağı bacarıb. Prezidentimizin Xəzəryanı, türkdilli ölkələrin birləşdirilməsi, bölgədə yaxınlığın yaradılması istiqamətindəki uğurları, qardaş ölkə Türkiyə ilə dostluğu daha da möhkəmləndirməsi, bu təcrübələri başqa ölkələrə aşılaması və nəhayət bölgədə söz yiyəsi olması cənab Prezidentin öz gücü və qüvvəsidir. Biz Prezident İlham Əliyevlə fəxr edirik!”

