“Ötən 3 il də daxil olmaqla ümumilikdə 18 il ərzində möhtərəm Prezidentimiz İlham Əliyev Heydər Əliyevin layiqli davamçısı olub. Prezidentin ulu öndərin siyasətini uğurla həyata keçirdiyinin və onun cənab Prezidentə, eyni zamanda bizə vəsiyyətini, etibar etdiyi Azərbaycanı, Yeni Azərbaycan Partiyasını qoruduğunun şahidi oluruq”.
Bunu Pravda.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bu kursu uğurla davam etdirən cənab İlham Əliyevin Azərbaycanı hələ qarşıdakı illərdə də neçə böyük uğurlara aparacağına hər kəsin inandığını qeyd edib.
“2018-ci ildən sonra həyata keçirilən islahatların nəticəsi olaraq, Azərbaycan dünyanı bürüyən böhran və çətinliklər fonunda inkişaf etməyə, vətəndaşların sosial rifahını yaxşılaşdırmağa nail ola bilib. Bildiyimiz kimi, 2018-ci ildə keçirilən növbədənkənar Prezident seçkilərində xalq səsinin böyük əksəriyyətini cənab İlham Əliyevə verərək onu növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçdi. Cənab Prezidentin andiçmə mərasimindəki nitqi, verdiyi sözlər və başlatdığı yeni islahatlar, şükürlər olsun ki, ötən 3 il müddətində öz bəhrəsini verdi. Gənclərdən, yəni çevik və müasir dövrün tələblərinə cavab verən kadrlardan ibarət yeni hökumət formalaşdırıldı, xüsusilə iqtisadi sahədə aparılan islahatlar nəzərəçarpan dərəcədə inkişaf etdirildi və şəffaflıq hər kəs tərəfindən müsbət qarşılandı”, - deyə N.Həmzəyev əlavə edib.