Xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda təşkil olunan dəyirmi masada iştirak edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tədbirə dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələri qatılıblar.
Ceyhun Bayramov tədbir iştirakçılarına münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, üçtərəfli bəyanatlar və onların icrasına dair məsələlər, işğal faktorunun aradan qaldırılması ilə beynəlxalq hüququn prinsipləri, xüsusilə də beynəlxalq tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə ciddi riayət edilməsi əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanının yaranması, azad edilmiş ərazilərdə vəziyyət, Ermənistan tərəfindən törədilmiş geniş miqyaslı dağıntılar və qanunsuz fəaliyyət barədə ətraflı məlumat verib.