Bakıdan Tovuza, Dondar Quşçuya gedən yol... Hansısa bir ünvana aparan yolda heç bir zaman bu yanğını yaşayacağımı düşünməzdim. Bu yanğı 10 yaşlı Nərminin yanğısı yanında nədir ki... Bu yanğı o qızcığazın yaşamasına, nəfəs almasına belə nifrət etdiyi 47 günün hər saniyəsində, hər dəqiqəsində keçirdiyi qorxu hissləri, ağrıları yanında nədir ki... Tez bitməyini istəyirdim yolun, Nərmin ölümünü gözlədiyi kimi...
Tovuzda, Dondar Quşçuda – bəlkə də bu günə kimi adını belə çoxlarının eşitmədiyi, bu günün ən tanınmış kəndindəyik. Nərminin faciəvi ölümüylə bütün kəndə tanıtdığı, elə tanıtmaq istədiyi doğma torpağında uyuyan Nərminin kəndində... Məhz Nərminin kəndində... Dondar-Quşçu Nərminin kəndidir artıq, 10 yaşlı Nərmin balanın...
"İtməzdən bir neçə gün qabaq mənə dedi ki, ata, məni karateyə qoy. Mən hamıdan daha cəldəm. Karateni yaxşı öyrənib, səni bütün Azərbaycana tanıdacam. Tanıtdı. Balam məni də, kəndini də yanan cəsədi, başına açılan müsibət, yarıda qalan ömrüylə hər kəsə tanıtdı...”
Çox kədərli cümlələrdir. 10 yaşlı Nərminin atası Şərif Quliyev hələ ötən ilin avqust ayında Nərminin bu istək və arzuyla ona yaxınlaşdığını deyir. Ailə hələ də başına gələnlərə, yaşadıqlarına inana bilmir... Bu kənddə baş verən Nərmin faciəsi ölkə gündəmini zəbt edib. Balaca qızcığazın ölüm xəbərini eşidən hər kəs onun üçün ağlayıb göz yaşı tökür. Yaşanan qorxunc hadisə hər kəsin yaddaşında dərin iz buraxıb.
İlk olaraq Nərminin doğulub-böyüdüyü evə üz tutduq. Bizi həmin evə Nərminin əmisioğlu apardı. Çünki ailə Nərmindən sonra həmin qapıdan içəri girməyib. Nə balaca Şəbnəm, nə valideynləri o evə ayaq basmağa ürək eləməyib... Dağın döşündəki evin soyuqluğu bizi Nərminin yoxluğu ilə də üşütdü. Oyuncaqları, paltarları, dərslikləri, bacıları ilə olan şəkilləri, məktəb venetkası... Hər şey Nərmindən danışırdı...
Bütün kənd sakinləri Nərmini sakit, mülayim qızcığaz kimi xatırlayır. Onun xatirələri sanki hər kəsin yaddaşına həkk olunub.
10 yaşlı Nərmini daha yaxından tanımaq üçün isə onun oxuduğu məktəbə getdik. Lakin qarşılaşdığımız mənzərə bizi dəhşətə gətirdi. Azyaşlının oxuduğu kənd məktəbi o qədər şəraitsiz idi ki, deməyə söz tapmırıq. Bu məktəb 1986-ci ildə tikilib. Amma bu illər ərzində təhsil ocağı bir dəfə də olsa, əsaslı təmir edilməyib. Uşaqlar toz-torpağın, sallanan elektrik kabellərinin içərisində, sınıq-salxaq partalarda oturub dərs öyrənirlər. Bunun səbəbini soruşanda isə müəllimlər bildirdilər ki, məsələylə bağlı dəfələrlə aidiyəti orqanlara müraciət ediblər. Hər dəfə də eyni cavabı - "təmir olunacaq” cavabını alıblar. Amma illərdir bu vədə əməl olunmayıb. Yalnız son məlum hadisələrdən sonra məktəb əlaqədar qurumların yadına düşüb.
Məktəbdə ilk olaraq Nərmini rus dili müəllimi Kəmalə Həsənovadan soruşduq. Müəllimə mərhum şagirdindən ağrı, təəssüflə danışdı. Dedi ki, bu dəhşətli hadisə hər bir övladın başına gələ bilər, bu isə çox qorxuncdur: