Yanvar ayının 17-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində seçkiqabağı təbliğat-təşviqat kampaniyasına start veriləcək. Budəfəki seçkilərdə kifayət qədər çox namizəd iştirak edir. Seçkilərə az müddət qalmasına baxmayaraq bəzi namizədlər hələ də onlara verilən imtiyazlardan xəbərsizdirlər.
Seçki Məcəlləsinin deputatlığa namizədlər üçün verdiyi bir sıra hüquq və imtiyazların siyahısını təqdim edirik.
Seçki Məcəlləsinin 150-ci maddəsinə görə, birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədə müvafiq seçki dairəsi ərazisinin hüdudlarında ümumi istifadədə olan şəhər, habelə şəhərkənarı və şəhərlərarası nəqliyyat vasitələrində gediş-gəlişin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir. Ancaq taksi və sifarişli reyslər siyahıya daxil deyil.
Məcəllənin 150-ci maddəsində isə göstərilir ki, bir neçə seçki dairəsi olan şəhərlərdə bu dairələrin birində qeydə alınmış namizədə şəhərdə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.
Məcəllədə namizədin namizəd kimi çıxış etdiyi birmandatlı seçki dairəsinin hüdudlarından kənarda yaşaması amili də nəzərə alınıb. Belə namizədlərə əlavə olaraq dəmir yolu və ya ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə 4 dəfə yaxud təyyarə ilə 2 dəfə seçki dairəsinə və geriyə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.
Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin gediş-gəlişinin dəyəri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılan vəsait hesabına müvafiq dairə seçki komissiyası tərəfindən ödənilir.
Bu cür ödəmələr Mərkəzi Seçki Komissiyasına ayrılan vəsait hesabına həyata keçirilir.
Seçki Məcəlləsinin 151-ci maddəsi isə Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədin toxunulmazlığı ilə bağlıdır. Məcəlləyə əsasən, qeydə alınmış namizəd bu Məcəllənin 70.4-cü maddəsində nəzərdə tutulan qaydada yalnız Baş prokurorun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.