"Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə ümummilli liderimiz Heydər Əliyevin arzusudur, vəsiyyətidir. Siz Şuşanın işğaldan azad olunan günü Ulu Öndərimizin məzarını, Şəhidlər xiyabanını ziyarət edərkən demişdiniz: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bəli, cənab Prezident, ulu öndərimiz Heydər Əliyev istəyirdi ki, müstəqil Azərbaycanın güclü ordusu olsun, peşəkar hərbçilərimiz olsun. Onlar bütün dünyaya göstərsinlər ki, azərbaycanlılar suda da, quruda da, səmada da düşmənlərimizi məhv etməyə qadirdirlər. Elə bu məqsədlə də Ulu Öndərimiz düz əlli il bundan əvvəl indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı.
Cənab Prezident, Siz vaxtilə demişdiniz ki, müasir, mütəşəkkil ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri olmuşdur. İndi isə mən rəşadətli, qalib bir Ordunun şəxsi heyəti adından böyük qürur hissi ilə deyirəm: Azərbaycan Ordusunun, qalib ordunun səviyyəsinin yüksəldilməsi, ordumuzun bütün güclü dünya orduları sırasında yer alması şəxsən Sizin, Müzəffər Ali Baş Komandanımızın adı ilə bağlıdır. Bu müharibədə digər amillərlə yanaşı, Ulu Öndərimizin azərbaycançılıq məfkurəsi də qələbə çaldı, cənab Prezident".
Pravda.az-ın xəbərinə görə, bunu Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin təltif olunan hərbi qulluqçularla görüşü zamanı Vətən Müharibəsi Qəhrəmanı, kapitan Ramazan Hudulov deyib.