Sumqayıt Dövlət Universiteti (SDU) təhsil müəssəsinə məxsus stadionun ortasından piyadalar üçün yolun salınmasına münasibət bildirib.
SDU-nun Mətbuat katibi Nazxanım Cəlilli universitetdə 15 ildən əvvəl idman dərslərinin tədris planında yer aldığını söyləyib.
Onun sözlərinə görə, sonradan idman dərsləri ləğv edilib: "Bizdə o stadion yoxdur. 15 il əvvəl idman dərsləri var idi, hazırda yoxdur. Ondan sonra ikinci tədris binasına gediş-gəlişin asanlaşması üçün orada güllər əkilib və yol salınıb. Uşaqlar üçün idman, əyləncə və istirahət güşələri yaradılıb. Bu stadion keçmişdə olub. İndi elə şey yoxdur. Orada güllər əkilib və ikinci binaya getmək üçün yol çəkilib. Hazırda universitetimizdə idman dərsləri keçirilmir. Orada stadion yoxdur. Artıq neçə ildir ki, ikinci tədris binasına gediş-gəlişin asanlaşması üçün və tələbələr nəzərə alınaraq yol çəkilib".
N.Cəlilli SDU-da tələbələr üçün stadionun olduğunu da vurğulayıb: "Birinci tədris binasının arxasında yeni stadionumuz var. Tədris planı olmadığı üçün köhnə stadion belə istifadə olunub. Orada güllər əkilib və açıq səma altında muzey yaradılıb. Tələbələr üçün nə lazımdırsa, etmişik. Orada mini-futbol meydançası yaradılıb. SDU-nun idman zalında hər cür şəraiti var".
Universitet rəsmi bu yolun neçə illərdir istifadə edildiyini xatırladıb: "Universitetdə tələbələr üçün süni örtüklü futbol meydançası yaradılıb. Bu isə köhnədən qalıb və heç sənədi olmayan şeydir. Həmin yerlər yaman gündə idi, ot basmışdı. Orada heç nə yox idi. Uzun müddətdən sonra təzə düzəlib. Universitetin həyətində təmir işləri görülüb. Orada açıq səma altında muzey düzəldilib, güllər əkilib və tələbələrin işlərinin asanlaşdırılması üçün yol çəkilib".