Bakının Türkan qəsəbəsinin sakinləri - sağ olduqları halda, ölmüş kimi rəsmiləşdirilib, torpaqları satılan 91 yaşlı Xumara Şabanova, 80 yaşlı Əzizəxanım Atayeva və 76 yaşlı Tamara Süleymanova iki gündür ki, aclıq aksiyası keçirir. Artıq onların səhhətində ciddi problemlər yaranıb, təcili tibbi yardım çağrılıb. Buna baxmayaraq, onlar Meydan TV-yə bildiriblər ki, tələbləri yerinə yetirilənə qədər aclığı davam etdirməkdə israrlıdılar.
80 yaşlı Əzizəxanım Atayeva deyir ki, aprelin 12-də Baş Prokurorluqdakı görüşdən də məyus qayıdıblar: “Baş Prokurorluqda bizə son söz demədilər. Mənim tələblərimdən biri Natiqin (qəsəbə sakini Natiq Məhəmmədsoy) azadlığa buraxılmasıdır. Adamı bizə görə şərləyiblər, xəcalətimdən ölürəm. Bir kəndin içində, qonşuluqda ayıbdır ki, bizə görə başqasının uşağını şərlədilər, ailəsi başsız qaldı. Natiq bizə yol göstərirdi, vəkili o tutmuşdu bizim üçün. Üç qardaşım var, üçü də ölüb. Uşaqlarımın da belə işlərdən başı çıxmır. O, aparıb vəkilləri göstərdi ki, hansını istəyirsən, onu tut özün üçün. Onu şərlədilər. Torpağım da gedib, xalqın uşağı da gedib. Özümə ar bilirəm bunu…”
Əzizəxanım Atayevanın sözlərinə görə, o, sözügedən torpaq sahəsini böyük oğlunun mülkiyyətinə keçirmək istəyəndə bu işin üstü açılıb: “İstəyirdim ki, oğlumun adına salım torpaq sahəsini. Gedib gördüm ki, məni neçə ildir “öldürüblər”. Dörd uşağımdan da ancaq biri var, guya. Versinlər torpağımın sənədlərini, heç kimdən heç nə istəmirəm. Ancaq düzgünlük istəyirəm. Böyük vəzifəli şəxslərə yaraşarmı ki, bizi dəqiqədə aparıb-gətirirlər? Mən aclığı davam etdirəcəyəm, Natiqi buraxsınlar. Yol tanısam, birbaşa İlham Əliyevin qəbuluna gedərəm. Necə olmasa, bir ana kimi, bir nənə kimi, məni qəbul edib, dərdlərimə qulaq asar. Neçə aylardır əziyyət çəkirəm…”
91 yaşlı Xumara Şabanova da bildirib ki, həm zəbt olunmuş torpaq sahəsinin sənədlərlə özünə qaytarılmasını, həm də Natiq Məhəmmədsoyun həbsdən buraxılmasını tələb edir:
“Zəng eləyirlər ki, internetdə, telefonda göstərirlər səni, xəcalət çəkirəm. Mənim 91 yaşım var. Özümü asmaq həddinə çatmışam. İşimə düzgün baxmadıqlarına görə özümə qəsd eləməyə məcburam. Qoca vaxtımda onsuz da yeyimcil adam deyildim. Gündə bir dəfə yeməyi də üç gündür ləğv eləmişəm. Mən onsuz da heç vaxt qarındolusu çörək yeməmişəm. Yoldaşım ölüb, 36 yaşında 6 uşaqla qalmışam. Elə vaxt olub, yeməyə çörək tapmamışam. Qoca vaxtımda da bunu başıma gətirdilər. Bütün müqəddəslərə and içirəm, o uşaq (Natiq Məhəmmədsoy) bizə heç nə öyrətməyib. Maşınımız yoxdur, qoca adamlarıq, maşınıyla aparıb bizi, vəkil tutmağa kömək eləyib. Bir kəlmə deməyib ki, belə danışın, elə danışın. Xəcalət çəkirik ki, bizə görə onu şərlədilər…
Natiq Məhəmmədsoyun anası, 76 yaşlı Tamara Süleymanova bildirib ki, aprelin 12-də səhhəti pisləşərkən gələn Təcili Tibbi Yardım həkimi onun insult təhlükəsilə üz-üzə olduğu haqda xəbərdarlıq edib. Ondan qida qəbul etməsini istəyib. Amma Tamara Süleymanova fikrindən daşınmayıb: