BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Seymur Baycan: “Gedib, Cəfər Cabbarlının heykəlinin yanında dayanıb on manata bədənimi sataram, amma...”

 

Yazıçı-publisist Seymur Baycanla müsahibəni təqdim edirik:

 

- Belə düşünürlər ki, Seymur rus ədəbiyyatını daha çox sevir və bu da onun yaradıcılığına təsir edir. Bu haqda özün nə düşünürsən?

 

- Hə, qəzavü-qədər elə gətirib ki, rus ədəbiyyatını daha çox oxumuşam. Şübhəsiz, oxuduqlarım yazdıqlarıma öz təsirin göstərib. Moskvalı bir rəssam qız vardı. O, “Həyatımın ən xoşbəxt günü ” kitabımdakı hekayələri oxuyub demişdi ki, elə bil bu hekayələri Qafqazda yaşayan bir rus yazıçı yazıb. Ümumiyyətlə, bu sözü kitablarımı rus dilində oxuyan müxtəlif xalqlara mənsub adamlardan dəfələrlə eşitmişəm.

 

- Tənqid etdiyin yazıçıların çoxu magik realist yazıçılardı. Markes, Borxes, Kortasar, Rüşdi və s. Magik realizmlə problemin var, yoxsa, doğurdan da söhbət yazıçılardan gedir?

 

- İzmlərdən başım çıxmır. Söhbət yazıçılardan gedir. Sırf yazıçı kimi Markesin adını Borxesin, Rüşdinin, Kortasarın yanında çəkmək böyük ədalətsizlikdi. Markesi niyə qatmısan bu söhbətə? Markesin “Polkovnikə məktub yoxdur” əsəri gözəl əsərdir. Məncə, “Polkovnikə məktub yoxdur” Markesin şah əsəridir. Məmnuniyyətlə yenidən oxuyardım. Sadəcə, müsahibələrdən birində Markes yoxsa Lyosa sualı qoyuldu qarşıma. İkisindən birini seçməli idim. Mən də dedim ki, əlbəttə Lyosa. Lyosa yaşayan ən böyük yazıçıdır. Onu qətiyyətlə zəmanəmizin sonuncu mogikanı adlandırmaq olar. Lyosanın "Xulia xala və cızmaqaraçı” əsəri möhtəşəm əsərdir. Son illərdə oxuyarkən ən çox həzz aldığım əsərlərdən biridir. Lyosa əsrin sonluğun qəddarcasına kədərli yazıb. Oxuyanda lap belə qəhərləndim. Bu qədər qəddarlıq olmaz. Sifətinə baxanda əməli-saleh adama oxşayır. Niyə elə qəddarlıq edib, bilmirəm.

 

O ki qaldı Rüşdiyə... Rüşdi bir qəpiklik yazıçı deyil. Rüşdinin ədəbiyyata dəxli yoxdur. Müğənnilər demişkən, yaxından tanıyanlar bilirlər ki, hətta ən axmaq əsərləri də maraqla, səbirlə oxuyuram. Məsələn, bu dəqiqə elə bir axmaq əsər oxuyuram ki, o əsəri oxumağı bizim ədəbi mühitdə heç kim özünə sığışdırmaz. Deyərlər, nəyə lazımdı bu əsəri oxumaq? Bunun əvəzinə gedib Folkneri oxuyaram. Hesab edirəm, təkcə güclü əsərlər oxumaqla kifayətlənmək olmaz. Hər cür əsər oxumaq lazımdı. Bəzən mənə lazım olan söz ən axmaq əsərdə qarşıma çıxır. Qərəz, bədii mətnlərə qarşı çox tolerantam. Bunun fonunda “Gecəyarısı uşaqları” əsərin əzabla oxudum. Məmnuniyyətlə əsəri yarımçıq saxlayardım. Hətta bir dəfə kitabı zibil yeşiyinə atmaq istədim. Bütün iradəmi səfərbər edib özümü güclə saxladım. Yazı yazacaqdım deyə əsəri sona qədər oxumağa məcbur oldum. Əsəri oxuyub qurtaranda elə bil üstümdən dağ götürüldü. Boğazıma diri ilan salsalar o əsərə bir də gözümün ucuyla da baxmaram. Məni həm də, o kədərləndirdi ki, İlqar müəllim kimi gözəl bir tərcüməçi vaxtını və enerjisini belə bir cəfəngiyatı tərcümə etməyə xərcləyib. İlqar müəllim “İsanın İncili”ni çox gözəl tərcümə edib. Çox adama “İsanın incili”ni oxumağı tövsiyə etmişəm. Hamı da tərcümədən razı qalıb. İlqar müəllim “Gecəyarısı uşaqları”nın əvəzinə tutaq ki, İvan Buninin “Arsenyevin həyatı” əsərini tərcümə edə bilərdi, ədəbiyyat xiridarları da oxuyub feyziyab olardılar. Elə fürsətdən istifadə edib İlqar müəllimdən xahiş edirəm ki, mümkünsə, “Arsenyevin həyatı”n tərcümə etsin. “Arsenyevin həyatı”nın hələ də Azərbaycan dilinə tərcümə olunmaması ədəbiyyatımız üçün böyük qüsurdur. O əsəri tanıdığım tərcüməçilərdən bir İlqar müəllim, bir də Mehman Cavadoğlu lazım olan səviyyədə tərcümə edə bilər. Mehman müəllim Pasternakın “Doktor Jivaqo” əsərini gözəl tərcümə edib. Fürsətdən istifadə edib bir oxucu kimi Mehman müəllimə burdan öz təşəkkürümü bildirirəm...

 

Qayıdaq, bədnam, üzdəniraq “Gecəyarısı uşaqları” əsərinə. Hörmətli Aqşin bəy (Aqşin Yenisey – red.) buyurur ki, o əsər hər yazıçının girəcəyi kol deyil. Deyir, Rüşdi orda Hindistanın tarixini, müstəmləkəçiliyin törətdiyi fəsadları-filanları yazıb. Əvvəla, mənə Hindistanın tarixin oxumaq lazım gəlsə, gedib etibar etdiyim, inandığım bir mənbədən oxuyaram. İkincisi və ən əsası, Rüşdi əsərdə toxunduğu mövzuların bədii həllini verə bilməyib. Nəinki toxunduğu mövzuların bədii həllini verə bilməyib, o boyda əsərdə, bizim köhnə yazıçıların sözü olmasın, bir yazıçı cümləsinə, bir yazıçı müşahidəsinə rast gəlmədim. Başdan başa süni, saxta, ölü təsvirlər canımı boğazıma yığdı.

 

Bunu dəfələrlə demişəm, mənə kabab lazım olanda gedib əsl kabab yeyirəm. Kimsə eşşək ətinin üstünə mayonezlə ürək, ciyər, bulud şəkli çəkib, quzu kababı adıyla mənə soxuşdura bilməz. Aqşin gözəl şairdir amma lütfən xətrinə dəyməsin, onun nəsr anlayışı, nəsr haqqında təsəvvürü yerlə sürünür. Götürüb “Gecəyarısı uşaqları” ilə “Gün var əsrə bərabər” arasında paralellər aparıb. Adamın Allahı olar, Rüşdi hara, Aytmatov hara? Aytmatovun yaradıcılığına bütöv halda xüsusi bir heyranlığım yoxdur. Gəncliyimdə Aytmatov yaradıcılığına böyük heyranlığım olub. Sonralar əsərlərin təzədən oxuyanda gördüm, psevdolirika həddindən artıq çoxdu. Bununla bərabər deməliyəm ki, Aytmatovun “Ana tarla” əsəri şedevrdir. Yəni, onu Rüşdi ilə tərəzinin eyni gözünə qoymaqla Aqşin nəsr anlayışının necə biabırçı vəziyyətdə olduğunu özü öz əliylə açıq-aşkar nümayiş etdirib. Yaxşı söz tapıblar; intellektual nəsr. İntellektual nəsrin necə olduğunu görmək istəyənlər zəhmət çəkib Tomas Mannın “Sehrli dağ” əsərin oxusunlar. Oxuyub görsünlər intellektual nəsr necə yazılır. Nə bilim, mənə elə gəlir ki, çox aydın söhbət edirəm. Başım çıxmır mövzu niyə bu qədər uzandı.

 

- Aqşin Yeniseydən söz düşmüşkən, ən yaxın dostun olub. Ancaq indi aranızda soyuqluq müşahidə olunur. Niyə belə oldu?

 

- Hə, düzdü, biz dost olmuşuq. Aqşinin mənə çox yaxşılıqları dəyib. Həddindən artıq. Minnətdarlıq hissi ali hissdir. Hər kəsin haqqı verilməlidir. O vaxt biz qəzetlərdə müsahibələr verirdik, yekə-yekə danışırdıq, yazılar yazıb özümüzdən əvvəlki nəsilləri sərt tənqid edirdik, hamının üstündən çalın-çarpaz xətt çəkirdik. Amma ortaya hələ normal bir məhsul qoya bilməmişdik. Camaat bizə qeyri-ciddi baxırdı. Hamı bizi söyürdü. Ən çox da məni. Çünki ən sərt yazıları mən yazırdım. Yadımdadır, avtobusla deyəsən Qaxdan Bakıya gəlirdim, salonda quraşdırılmış televizorda axmaq bir film gedirdi. Təzə cib radiosu almışdım. Hacıqabul tərəfdə daha dözə bilmədim. Radionu açdım, qulaqcıqları bacardığım qədər basdım qulaqlarıma. Hansısa dövlət kanalında iki adam məni söyürdü. Qəribə mənzərə idi. Avtobusda axmaq bir filmdən xilas olmaq üçün radionu açırsan, qulaqcıqları bacardığın qədər qulaqlarına basırsan və eşidirsən ki, studiyada iki adam oturub səni söyür. Hadisə yadımda belə qalıb...

 

Aqşinin birinci şeirlər kitabı çox güclü rezonans yaratdı. Ədəbiyyatla maraqlanan hər kəs o kitabdan danışırdı. O kitab adamları bizim nəslə ciddi baxmağa vadar etdi. Bu, bizim nəslin ilk qələbəsi idi. Bizim nəslə ilk qələbəni Aqşin gətirdi. Dilimizi uzun, alnımızı açıq elədi.

 

Aramızda yaranan soyuqluğun səbəbinə gəldikdə isə... Bu barədə danışmasaq yaxşıdır. Görünür, həyatda belə hallar olmalıdır. Uşaq deyilik, inanmaq nə qədər çətin olsa da, bu danılmaz bir faktdır, artıq bığlı-saqqallı yekə kişilərik. Belə halları normal qəbul etməliyik. Sadəcə, mən bəzən ətrafımda baş verən hadisələrə qarşı dəhşət laqeyd oluram, adekvat reaksiya vermirəm. Bu da haqlı olaraq suallar yaradır. Bunu qəsdən etmirəm. Təbii şəkildə belə alınır. Atam öləndə on dörd yaşım vardı. Onu basdırıb qəbiristanlıqdan çıxdıq. Qəbiristanlığın çölündəki bulağın suyunda əl-üzümü yudum. Sinif yoldaşlarım da başımın üstündə dayanıb mənə zəhlətökən təsəllilər verirdilər. Soyuq su mənə necə təsir etdisə başladım orda mahnı oxumağa. Adamlar elə bildi ki, dərddən havalanmışam. Haqqımda bu cür düşünməklərində tam haqlı idilər.

 

Bir dəfə bir məclisdə bir adam məni rəsmən möhkəm təhqir etdi. Rəhmətə gedib adın çəkməyi münasib bilmirəm. Heç bir reaksiya vermədim. Masanın üstündəki soyutma yumurtanı götürüb, qabığın soydum, duzlayıb yedim.

 

Bir dəfə də Günelgildə (Günel Mövlud – red.) idim. Qazın üstündə xaş qazanı vardı. Dırnağı da mən almışdım. Günelin başı qarışıb facebookda kiminləsə laqqırtı vurmağa, uşaq qalıb başsız. Necə olubsa qazan aşıb Günelin oğlunun üstünə. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı. Bunun özü də bir xalis möcüzə idi. Evdə hay-həşir qopdu. Təcili yardım çağırıldı. Uşağın qolu yanmışdı. Mən isə qonşu otaqda uzanıb kitab oxuyurdum. Ara nisbətən sakitləşəndən sonra Günel girdi otağa. Dedi, sən nə təhər adamsan, bu boyda həngamənin içində uzanıb burda kitab oxuyurdun? Gəlib heç maraqlanmadın nə olub. Bəlkə, bir köməkliyin lazım idi? Heç nə demədim. Kitab oxumağıma davam etdim.

 

Mən özümü tanımaqda çətinlik çəkirəm. Hansı hadisəyə necə reaksiya verəcəyim həmin ankı ovqatımdan asılıdır. Bəzən, çox böyük cəsarət nümayiş etdirirəm. Bəzən o qədər cəsarətli oluram ki, sonra öz özümə düşünürəm; sən bunu necə bacardın? Bəzən isə kölgəmdən də qorxuram.

 

- “Təxəyyül çatışmazlığının fəsadları” adlı yazında özünü Orxan Pamukdan daha güclü yazıçı elan etmisən. Bunu zarafatla yazmışdın, yoxsa ciddi idin?

 

- Zarafat niyə, tam ciddi yazmışdım. O yazıda yazdığımı burda bir daha təkrar edirəm. “Sentimental səyahət” hekayəmi ataram Orxan Pamukun üstünə altında qalıb xıncım-xıncım olar. Orxan Pamukun dekorativ, surroqat romanları, qlamur-burjua kədəri mənim üçün əsla maraq kəsb etmir. İstəyirsən dozanı bir az da yuxarı qaldırım. Bir yazıçı kimi sırf ədəbiyyat nöqteyi-nəzərdən Kortasardan, Borxesdən, Sartrdan, Ceyms Coysdan, Orxan Pamukdan güclü yazıçıyam. Onların hansı mükafatlar alması, əsərlərinin harda və hansı tirajla nəşr olunması, barəsində kimlərin nə söyləməsi mənim vecimə də deyil.

 

- Gürcü yazıçısı bu yaxınlarda “Buker”in uzun siyahısına düşdü. Bu xəbəri necə qarşıladın?

 

- Normal. Sensasiya kimi qəbul etmədim. Rəqabət mühiti, ədəbiyyatın təbliği istiqamətində görülən ardıcıl işlər öz bəhrəsini verməkdədi. Bu hələ başlanğıcdı. Qarşıda yəqin daha böyük uğurlar olacaq.

 

- Keçmiş AYO-çu kimi indi bu təşkilat sənin üçün nəyi ifadə edir, “Ayo”çu dostlarınla münasibətin necədir?

 

- Keçmiş niyə, mən elə indi də AYO-çuyam. Kim ruhən AYO-çudursa münasibətim yaxşıdır. Amma mənim üçün Rasim Qaracanın yeri başqadır. Rasim bəyin zəhmətkeşliyinə, əqidəsinin bütövlüyünə, prinsipiallığına böyük hörmətim var.

 

- Belə bir fikir də var ki, Seymur Baycan mütaliəsinin qarşısında peşəkarlaşmadı, deyəsən, heç özü də bunu istəmədi. Nəsrini publisistikanla müqayisə edib, ikinciyə üstünlük verirlər.

 

- Mənə maraqlıdır, sən özün bu barədə nə düşünürsən?

 

- İlkin dövrlər sənin publisistikanla tanış olmuşam. Bir dəfə üç kitabını birdən alıb kitab təqdimatına gəlmişdim. Yadıma gəlir, təqdimatın sonu idi, əl-ayaq yığışmışdı. Çəkinə-çəkinə yaxınlaşıb kitabları imzalatdım. Sonra doğurdan da o kitabların hamısını oxudum, qeydlər etdim. Bir dəfə isə “Mütaliənin dörd mərhələsi” adlı yazını dəftərə köçürmüşdüm. Başdan ayağa. Düşünürdüm ki, internetdən silinə bilər. Çox qiymətli yazıdır. Bu baxımdan səni publisist kimi tanımışam, yazdığın yazılardan nə qədər yeni müəlliflərlə, əsərlərlə tanış olmuşam. Bu yaxınlarda isə üç hekayəni oxudum. “Qab-qacaq səsi”, “Puqaçov üsyanı”, “Qəbiristanlıq” hekayələrindən xeyli təsirləndim. Hekayələrindəki atmosfer tamam başqaydı. Özüm üçün Seymur Baycanı həm də həqiqi yazıçı kimi kəşf etdim. Məncə, Seymurun nəsri publisistikadan irəli gedə bilmədi deyənlərin içərisində qısqanclıq, hətta müəyyən qədər xılt var. Ona görə, bizim ədəbi mühitdə sənin qədər öz üzərində işləyən, məhsuldar olan və özünü bütünlüklə ədəbiyyata həsr edən ikinci yazıçı olmadı.

 

- Minnətdaram. Çexov deyirdi ki, tərbiyə sousu süfrənin üstünə tökməmək deyil. Tərbiyə odur ki, kimsə sousu süfrənin üstünə tökəndə özünü görməməzliyə vurursan. Sözlərində müəyyən mənada həqiqət payı var. Çalışıram özümü görməməzliyə vurum. Bu, hər şeydən əvvəl özümə lazımdı. Çünki hər şeyi görsəm balacalaşaram. Evlənən adamın bir gözü görməməli, bir qulağı da eşitməməlidir. Evlənən adamın hər iki gözü görsə, hər iki qulağı eşitsə onun işi çətin olacaq. Sənətlə, yaradıcılıqla məşğul olan adamın da bəzi müstəvilərdə bir gözü görməməli, bir qulağı eşitməməlidir.

 

Məni həm publisist, həm də yazıçı kimi inkar etmək şitin-şorun çıxartmaq olar. Yazıçı kimi görmək istəməyənlər, publisist kimi görməyə məcburdurlar. Nisbətən ədalətli, nisbətən obyektiv adamlar isə həm publisist, həm də bir az yazıçı kimi görürlər. Nisbətən sözünü təsadüfən işlətmədim. Bu nisbətən ədalətli, nisbətən obyektiv adamlar da öz növbələrində deyirlər ki, Seymurun nəsrində yüksək emosiya, dərin hisslər olsa da, üslub çatışmır. Gülməyim gəlir belə söhbətləri eşidəndə. “Uğursuz şairin ölümü”, “Qərəzsiz arzular qəbiristanlığı”, “Tövbəçi”, “Ocaqxanada”, “Sentimental səyahət” kimi sadə, dupduru hekayələr yazmaq, türk qardaşlarımız demişkən, üslubun ta kəndisidir. O dərəcədə sadəliyə gəlib çatmaq asan olmayıbdı. O dərəcədə sadə hekayələr yazmaq iynənin üstündə yerimək kimi bir şeydi. Bu vəhşicəsinə oxumağın, çalışmağın nəticəsidir. Mənim üçün Azərbaycan ədəbiyyatında Mirzə Cəlilin “Buz” hekayəsi ayrıca yerdə dayanır. Ən azı iki səbəbə görə. Əvvəla “Buz” hekayəsində təmiz, dərin ağrı, dərin iztirab var. Allah bilir Mirzə Cəlil o hekayəni yazanda necə ağır ovqatda olubdu. Təsəvvür belə etmək istəmirəm. İkincisi, o dərəcədə sadə hekayə yazmaq asan məsələ deyil. Əgər Mirzə Cəlil “Buz” hekayəsində yersiz olaraq əlavə nəsə uydursaydı, bircəcə abzas artıq nəsə yazsaydı, vəssalam, hekayə gorbagor olacaqdı.

 

Ümumiyyətlə, olduqca nadir istisnaları çıxmaq şərti ilə bizim oxucuların, yazıçıların, tənqidçilərin nəsr haqqında çox səhv təsəvvürləri var. Əksəriyyət belə hesab edir ki, hekayədə, romanda yazıçı mütləq axmaq nələrsə uydurmalıdır, mütləq insan taleləri birləşməlidir, kimsə qarşısına kimsə çıxmalıdır, əsərin finalında mütləq nəsə əndrəbadi hadisə baş verməlidir. Niyə hekayədə mütləq kiminsə qarşısına kimsə çıxmalıdır, mütləq talelər birləşməlidir? Belə bir qanun yoxdur. Hekayədə talelər birləşməsə də olar. Bu internet əsrində beş ildir bir adamı əlimdə çıraq axtarıram tapa bilmirəm...

 

“Gecikmiş hekayələr” kitabını yazanda Azərbaycan ədəbiyyatının üstündən bir daha keçməli oldum. Çünki, o kitabda hər hekayə bir dövrdən bəhs edir. Kitabda hər hekayə fərqli ahəngdə, fərqli havada yazılmalı idi. “Gecikmiş hekayələri” yazmaq üçün məhz Azərbaycan ədəbiyyatından yalan olmasın bəlkə bir vaqon kitab oxudum. Belə də ki, mütəmadi olaraq Azərbaycan ədəbiyyatını oxuyuram və hesab edirəm, yazıçı mənsub olduğu xalqın ədəbiyyatını dərindən bilməlidir. Ədəbiyyatımızın zəif, çatışmayan tərəfləri çoxdur, amma iki bəlanın üstündə xüsusi olaraq dayanmaq istərdim. Birincisi, yazıçılarımız öz potensiallarını, nəyə qadir olduqlarını dəqiq hesablaya bilmirlər. Konkret misallar gətirim. Məsələn, yaxınlarda Sabir Azərinin “Dalanda” əsərini oxudum. Belə baxanda əsərin mövzusu əladı, yazıçı kimi də Sabir Azəri heç də zəif yazıçı sayılmaz. Əsərdə də əla səhnələr, təsvirlər, dialoqlar var. Amma Sabir müəllim nə edib? Başlayıb heç bir zərurət olmadığı halda lazımsız, yersiz səhnələr uydurmağa. Nəticədə, özü öz əliylə gül kimi mövzunu zay edib qoyub böyrü üstə. Yaxud götürək nəsildaşım Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanını. Öz nəsildaşım haqqında danışmasam, yaxşı alınmaz. Ümid edirəm, Şərif müəllim əlinə yekə bir dərzi qayçısı götürüb, ona aid yerləri kəsib-doğramayacaq. Şərif də “Arzulardan sonrakı şəhər”də öz potensialını, nəyə qadir olduğunu dəqiq hesablaya bilməyib. Əsərin girişi yaxşıdır. Şərif elə o tempdə də yazmağa davam etməli idi. Amma Şərif nə edir? Başlayır yersiz təsvirlər yazmağa. Deyən lazım, ay Şərif, ağır həyat keçirmisən, hər cür hadisələrlə qarşılaşmısan, bu həyatda çəkmədiyin zülm qalmayıb, bax niyə oturub elə başına gələnlər haqqında təvazökar bir mətn yaratmırsan? Nədir sənə mane olan? Gərək mütləq nəsə uydurasan? Sənin nəyinə lazımdı atların ağzını məftillə sarıyıb Misirin ilanmələşən çöllərində gəzdirmək? Axı bu mövzu sənin yemin deyil? Sən elə Laçında gördüyün, minib çapdığın, yaddaşında iz buraxmış atlar haqqında silikonsuz, taturajsız, botokssuz, liposakşnsız, rinoplastikasız, javlinesiz mətn yazsan həm Allaha, həm də bəndəyə xoş gedər. Hər kəs ayağını öz yorğanına görə uzatsa, hər kəs əvvəlcə arabasının enin ölçüb sonra darvazasını tiksə çox yaxşı olar. Mənim də ürəyimdən yazıçı kimi çox arzular keçir. Adamın ürəyindən çox arzular keçə bilər. İnsan arzuları ilə imkanlarının sərhədlərini dəqiq müəyyənləşdirməlidir. Mən də oturub “Doktor Faustos” kimi bir əsər yazmaq istərdim. Yaza bilərəm? Yaza bilmərəm. Dəqiq bilirəm ki, “Doktor Faustos” kimi bir əsər yazmaq üçün lazım olan “dux” məndə yoxdur. Əlbəttə, bu müstəvidə, yəni ayağını yorğanına görə uzatmamaq məsələsində Aqşin bir nömrədir. Ona heç kim çata bilməz. O, bu sahənin Messisidir. Onun rəqibi yoxdur və belə görünür, yaxın vaxtlarda olmayacaq. Aqşinin cahil cəsarətinə mat qalmışam. Yaxınlarda Çinlə Amerikanın gizli laboratoriyalarının arasındakı savaşlardan yazı yazmışdı. Yazını əlim üzümdə qalmış vəziyyətdə oxudum. A kişi, sənin Çinin, Amerikanın gizli laboratoriyaları ilə nə işin var? Hardan alırsan bu cahil cəsarətini? Niyə gedib Cəlilabadın Şötüklü kəndində yaşayan sadə, zəhmətkeş adamların həyatlarından, problemlərindən yazılar yazmırsan. Ümumiyyətlə, bu Türkiyənin havasında, suyunda nəsə var. Gedib orda yaşayan adamlar olan-qalan ağıllarını da itirirlər. Nəinki, gedib Türkiyədə yaşayan adamlarda, hətta Azərbaycanda yaşayıb uzaqdan-uzağa türk publisistlərini oxuyan adamlarda da səydəşlik, düşüklük fontan vurmağa başlayır. Neçə-neçə normal adamlar tanıyırdım, türk publisistlərini oxumağa başladıqdan sonra tamam zayları çıxdı. Başladılar “gözəllik cinayət olsaydı, ömürlük həbs cəzası alardın” janrında adamın ətin qram-qram yox, kilo-kilo tökən yazılar yazmağa.

 

Həyatımda bilmirəm sözün dilinə gətirən, bilmirəm sözün dilinə gətirməyə özündə güc tapan türkə rast gəlməmişəm. Arada sırf kefimi açmaq məqsədi ilə türk kanallarında gedən müzakirələrə baxıram. Adamlar bilmədikləri mövzularda bir qram koqnitiv dissonans keçirmədən necə rahat-rahat danışırlar. Deyir, ağlayanda Yezid üçün də ağla, imam üçün də. Etiraf etməliyik, türklər peyini konfet kağızına büküb təqdim etməyin ustasıdırlar. Bu mənada çox peşəkardırlar. O gün türk kanallarının birində Qafqazda etnik münaqişələr mövzusunda müzakirəyə baxıram. Müzakirə iştirakçıları sözün həqiqi mənasında ağızlarına gələni danışırdılar. Müzakirədə iştirak edənlərdən biri Allah qoymasa guya Qafqaz üzrə mütəxəssisdir. Özünü belə təqdim edirdi, amma Qafqazdakı etnik münaqişələr haqqında zərrə qədər də məlumatlı görünmürdü. Qəşəng kostyum geyinib, qalstuk taxıb, üzünə ağıllı ifadələr verə-verə gic-gic danışırdı. O birisilər də bu danışdıqca qarşılarındakı vərəqlərə nələrsə qeyd edirdilər, arada onunla razılaşmırdılar, sözünü kəsib onlar da öz növbələrində axmaq fikirlər söyləyirdilər. Stanislavski bu mənzərəni görsəydi, inanıram ki, quruluş verdiyi tamaşalar gözündən tamam düşərdi. Bəlkə də, sənətini dəyişərdi.

 

Türklərin rus ədəbiyyatı haqqında danışmaqları lap ayrıca komediyadı. Başım çıxmır onlar niyə rus mədəniyyətinin, rus ədəbiyyatının qarşısında özlərini elə əzilmiş hiss edirlər. Mənə dedilər, Türkiyədə bir arvad var, rus ədəbiyyatın yaxşı bilir, rus ədəbiyyatı haqqında yaxşı yazılar yazır. Bu arvadın Dostoyevskinin “Karamazov qardaşları” haqqında məqaləsi qarşıma çıxdı. Hər şeyin bir həddi olmalıdır. O cümlədən məsuliyyətsizliyin və qeyri-ciddiliyin də. O yazını rus dilinə tərcümə edib ən yoluq, ən sonuncu rus tənqidçisinə oxutdursaydın... Bilmirəm yazı, yazının müəllifi haqında nə fikirləşərdi. Yəqin fikirləşərdi ki, bu yazı parodiya kimi yazılıb. Sözümün canı ondan ibarətdir ki, bulağın gözündən su içmək imkanı varkən, plastik qablara doldurulmuş, mənbəyi və mənşəyi bilinməyən, şübhəli suyu içmək kökündən səhvdir.

 

Zənnimcə, ədəbiyyatımızın birinci əsas bəlası haqqında ətraflı danışdım. İndi isə keçək ədəbiyyatımızın ikinci əsas bəlasına.

 

Ədəbiyyatımızın ikinci bəlası dil məsələsidir. Yazıçılarımız dili yaxşı bildiklərini nümayiş etdirmək üçün yeri gəldi-gəlmədi arxaik sözlərdən, lazımsız metaforalardan istifadə edirlər, cümlələri heç bir gərək olmadığı halda ağırlaşdırırlar. Nəticədə temp, dinamika, əsərin oxunaqlılığı ölür. Ən əsası, yersiz metaforalar, yersiz bəlağət oxucu ilə müəllif arasında doğmalıq hissi yaradan cümlələrin, təsvirlərin yaranmasına əngəl törədir. Oxucu ilə müəllif arasında doğmalıq hissi yaradan cümlələr, təsvirlər isə nəsrdə çox vacib şərtlərdən biridir. Yazıçılarımız düşünürlər ki, uzun, ağır, bəlağətli cümlələr yazmaqla yaxşı iş görürlər. Konkret misal gətirim. Yusif Səmədoğlunun “Qətl günü” əsərinin dili bizim yazıçıların arasında yaxşı dillərdən biri kimi tanınır. Halbuki, “Qətl günü” əsərindəki dil süni, ölü, heç bir enerjisi olmayan, tamamilə qurama bir dildir. Necə deyim, elə bil həyətinə süni qızılgül kolları basdırmısan və fəxr edirsən ki, qəşəng həyətim var. Canlı cümlənin böyüyü-kiçiyi olmur. Beş-altı sözdən ibarət bir cümlə yazıb oxucunun iliyinə qədər təsir etmək olar.

 

- Deyirlər, Seymur Baycan çox eqoistir, başqa müəlliflər haqqında xoş sözlər demir. Həqiqətən belədir?

 

- Mətnə qarşı qəddar, amansız, dürüst münasibətim var. Qarı düşmənim yaxşı mətn yazsa, tərifləyəcəm. O cümlədən, gözümün işığı olan adam zəif mətn yazsa, yazdığı mətn barəsində bir kəlmə də xoş söz demərəm. Məni indi hansısa hekayənin, romanın qane etməsi çətin məsələdi. Bir az ölçü hissini itirmişəm. Hal-hazırda təmiz, susuz, artıq-urtuqsuz mətnlərə yüksək dəyər verirəm. Mətndə azacıq boşluq, artıq bircə abzas gördümsə, gözümdən düşür. Özüm də indi qarşıma ancaq təmiz mətn yazmaq məqsədi qoymuşam. Sevinirəm ki, beş-altı hekayəmdə buna nail olmuşam. Bunu bacarmasaydım, həyatımın tamamilə mənasız keçdiyini düşünərdim. Məqalələrimdən ibarət yeddi kitabım nəşr olunub. Biri də yaxın zamanlarda nəşr olunacaq. On doqquz ildir aktiv publisistika ilə məşğulam. Bu on doqquz ildə Allah bilir nə qədər yazı yazmışam. Amma indi təxminən on-on beş yazım məni nisbətən qane edir. Özümə qarşı bu qədər tələbkaramsa, özümə qarşı bu qədər qəddaramsa durum necə başqa müəlliflər haqqında xoş söz deyim? Çətindir. Bir də ki, adamların yaxşı yazıçı olub olmamasını mən niyə təsdiq etməliyəm? Belə bir missiyam yoxdur. Yazıçılar kolbasa-sosiska məmulatları, mən isə Qafqaz Müsəlmanlar İdarəsi deyiləm ki, durub onlara halallıq sertifikatı paylayım.

 

- Günel Mövlud müsahibəsində deyir ki, Seymur Baycan kişi faşisti, qadın düşmənidir. Bu haqda nə deyə bilərsən?

 

- Günelin yaşı qırxa çatıb, amma özünü “maloletka” kimi aparır.

 

- Azərbaycan qadınları ilə nə problemin var? Deyirlər, qadınlar Seymuru sevməyib, ona görə qadınlar haqqında belə əzazil danışır.

 

- Bəli, tamamilə doğrudur, məni heç vaxt sevən olmayıb. Özüm də heç kimi sevməmişəm. Heç bir qadına inanmamışam. Bu mövzular mənim üçün birmənalı olaraq əhəmiyyətini itirib. Sadəcə soruşdun cavab verdim. İndi yalnız yaxşı mətn yazmaq haqqında düşünürəm. Yerdə qalan məsələlər beşinci, onuncu, iyirmi beşinci dərəcəlidir. Sən də xahiş edirəm, bu deyirlər, deyirlər söhbətin yığışdır. Özünün sualın yoxdur? Nə deyirlər, deyirlər salmısan? Müsahibə alırsan, yoxsa qeybət eləmək istəyirsən? Bu təbiətlə sən çox yaşayacaqsan. Qeybətin sağlamlığa xeyri var. Qeybətcil ifritələr ona görə çox yaşayırlar. Ürəklərində heç bir söz saxlamırlar. Ümid edirəm, başa düşdün nə demək istədiyimi...

 

- Başa düşdüm. Məqalələrindən ibarət yeddi kitabının çıxdığını, on doqquz ildir aktiv publisistika ilə məşğul olduğunu dedin. Səncə, bir yazıçı üçün publisistika ilə bu qədər məşğul olmaq çox deyil? Bəlkə, sənin haqqında yazıçı yox, publisist kimi rəyin yaranmasında da bunun rolu var? Və hətta bu rəy müəyyən qədər də ədalətlidir...

 

- Yaddaşımda son vaxtlar ciddi problemlər yaranıb. Dəqiq yadımda deyil, ya Fransua Moriak, ya da Anri Barbüs bu mövzuya toxunublar. Onlardan biri deyib ki, bəzi yazıçılar qəsdən publisistika ilə məşğul olmurlar. Publisistika ilə məşğul olmamaqla istəyirlər sırf yazıçı kimi tanınsınlar. Amma bu səhv yanaşmadı. Əgər yazıçı yaxşı məqalələr yazmağı bacarırsa, məqalələr də yazmalıdır. Açıq danışaq, əgər publisistikam olmasaydı, məni yazıçı kimi kim tanıyacaqdı? Uzağı on-on beş adam. Az-çox tanınmağım elə publisistikamın sayəsində baş tutubdu.

 

- Bildiyimə görə, Azərbaycanda ömrünü sənə həsr etmək istəyən qadınlar olub. Doğrudan olub belə qadınlar? Olubsa, onlardan niyə narazısan?

 

- Sən nə yapışmısan bu qadın söhbətlərindən? Elə bil ədəbiyyat portalı üçün yox, “Oxu məni” qəzeti üçün müsahibə alırsan. Yəni, ədəbiyyat haqqında danışdıqlarım bu qədər maraqsız və əhəmiyyətsizdir? Bir daha təkrar edirəm, bu mövzular mənim üçün birmənalı olaraq əhəmiyyətini itirib. Yalnız və yalnız ədəbiyyat, yaxşı mətnlər yazmaq haqqında düşünürəm. Qarşıma qoyduğum məqsəd bir qələm adamı olaraq bacardığım qədər püxtələşməkdir.

 

Ötən ilin yayında “Qanun” nəşriyyatında “Quqark” romanım üçüncü dəfə nəşr olundu. Nəşrdən əvvəl kitabı bir daha oxumalı oldum. Hər şey mənə o qədər uzaq görünürdü ki, elə bil, öz həyatım haqqında yazılmış kitabı deyil, başqasının həyatı haqqında yazılmış kitabı oxuyurdum. Hətta, xeyli hadisələr tamam yadımdan çıxmışdı. Kitabı oxuduqca yadıma düşürdü. Sənin toxunmaq istədiyin söhbətlər lap qədimdə, min il əvvəl olubdu.

 

- Deyirlər, heç kimlə görüşmürsən. Bunu Selincer guşənişinliyi adlandırmaq olar?

 

- Hə, demək olar ki, heç kimlə görüşmürəm. Küçə itləri ilə dostluq edirəm. Axşamlar onlarla gəzməyə çıxıram. Ünsiyyətdə olduqca itlərə daha çox heyran oluram. Onlara heyvan deməyə adamın dili gəlmir. Heç kimlə görüşməməyimi Selincer guşənişinliyi adlandırmaq olmaz. Əlaqəsi yoxdur. Çinlilərin yaxşı bir sözü var: eyni yastığa baş qoymaq, o demək deyil ki, eyni yuxunu görəcəksən. Bizim dildə desək, başqasının ayaqqabısını geyinə bilərsən, amma yerişini yeriyə bilməzsən. Selincer hara, mən hara? Selincer tənhalığa çəkiləndə şöhrətinin zirvəsində idi. Bilmək olmaz, bunu niyə edib və necə bacarıb. Şöhrət ağır yükdür. Həmçinin, şöhrətdən imtina etmək də asan deyil. Selincerin “Dülgərlər taxtabəndləri qaldırın” adlı əsəri var. Ta bilmirəm o əsəri tənhalığa çəkiləndən sonra yazıb, yoxsa əvvəl. Amma elə dəhşətli bir əsəri yazan adam üçün yəqin ki, həyatda çox şey artıq mənasını itirib. İmitasiyası mümkün olmayan hisslər, cümlələr, səhnələr, təsvirlər, hekayələr, əsərlər mövcuddur. “Dülgərlər taxtabəndləri qaldırın ” əsəri imitasiyası mümkün olmayan əsərlərdən biridir. Yəni, həqiqi sənət əsəridir. O əsərdəki havasızlıq, müəllifin boşluqlara toxunması adamı məhv edir. Selincer necə o həddə qalxa bilib? Adam elə bir əsər yazıb sakitcə çəkilə kənara və bəyan edə ki, sağ olun, mən lazım olan sözümü dedim.

 

- Əsərlərində yeməklərdən çox bəhs edirsən. Bu nə ilə bağlıdı, stressi aradan qaldırırsan, ya mətbəxi sevirsən?

 

- Əsərlərdə yeməkdən bəhs etməklə stressi necə aradan qaldırmaq olar? Bunu necə təsəvvür edirsən? Mətbəxi sevirəm və mətbəxdə eksperimentləri qəbul etmirəm. Mətbəxdə eksperimentlər istedadsızlığı, bacarıqsızlığı ört-basdır etmək cəhdidir. Yemək bişirməyi bacarmayan adamlar otun-ələfin üstünə mayonez töküb, limon sıxıb özlərindən hoqqa çıxarırlar. Guya bunlar sağlam qidaya üstünlük verirlər. Niyə canınla əlləşirsən? Denən ki, bişirə bilmirəm.

 

Fundamental, yağlı yeməkləri yeməyən, onu yeyə bilmirəm, bunu yeyə bilmirəm deyən adamlarla heç aram yoxdur. Almaz Ələsgərova bir dəfə müsahibəsində demişdi ki, mənim artıq çəki, fiqura-miqura vecimə də deyil. Ürəyim nə istəyir yeyirəm. Onun bu mövqeyi, cəsarəti xoşuma gəlmişdi.

 

Ədəbiyyatla mətbəx arasında daima paralellər aparmağı xoşlayıram. Yemək bişirməkdən də həzz alıram. Yemək bişirmək çox gözəl prosesdir. Ədəbiyyatda olduğu kimi mətbəxdə də gərək öz potensialını dəqiq hesablayasan. Mənim üçün kamil qızardılmış kartof, yarımçıq dəmlənmiş aşdan üstündür. Yemək bişirmək, elə yazı yazmaq kimi bir şeydir. Məsələn, yaxşı yemək bişirən adam, yaxşı da hekayələr, yazılar yaza bilər. Sadəcə, paralelləri düzgün aparmaq lazımdı.

 

- Yazıçılığa necə başladın? Xüsusilə “Quqark”ı yazmağın, yazı tərzini necə seçməyin maraqlıdır.

 

- Ədəbi mühitə jurnalistikadan gəlmişəm. Jurnalist kimi çox aktiv fəaliyyətim olub. Həm xəbər, həm reportaj, həm də müəllif yazıları yazırdım. Üstəlik həftədə bir dəfə hansısa yazıçıdan, şairdən, sənət adamından, siyasətçidən geniş müsahibə alırdım. Hər şeyi öz adıyla çağırsaq, eşşək kimi işləyirdim. Bütün bunların mənə çox faydası oldu. Adamları, ölkəni tanıdım, çoxlu tədbirlərdə iştirak etdim. Sonralar yazmaq üçün xeyli xammal topladım. Məsələn, “18,6 sm” romanında jurnalist fəaliyyətim zamanı topladığım xammaldan geniş istifadə etmişəm. “Quqark”ı necə yazmağım haqqında yaxınlarda ayrıca yazı yazmışam. Təzədən dastan açmaq istəmirəm. Yaxşı yazı yazmağın isə xüsusi bir resepti yoxdu. Hər kəs vəhşicəsinə oxuyaraq, çalışaraq öz reseptini özü tapmalıdır. Heç kim durub deyə bilməz ki, məhz bu reseptə əməl etsən yaxşı yazılar yaza bilərsən. Belə şey yoxdur və nə yaxşı ki, yoxdur. Bu müstəvidə ancaq çox ümumi və faydalı hesab etdiyimiz məsləhətlərdən danışa bilərik. Zaman-zaman ayrı-ayrı yazılarda faydalı hesab etdiyim məsləhətlər haqqında söhbət açmışam. Gənc publisistlər, gənc yazıçılar üçün məsləhətlər adlı ayrıca yazılar yazmışam.

 

- Sən yazını necə yazırsan?

 

- Bəzən bir yazını yazmazdan əvvəl üç-dörd kitab oxuyuram. Məsələn, “İnsanın insanı istismar etməsi haqqında” adlı yazımı yazmazdan əvvəl bütün Azərbaycan nağıllarını təkrar oxudum. Həmin yazıda “Gənclik” mehmanxanası, mehmanxananın içində baş verən həngamələr, o dövrün ictimai-siyasi hadisələri nağıl dilində təsvir olunub. Yazının qəhrəmanı həyatında ilk dəfə bazlığa gedir. Mehmanxanadakı qadınlardan biri onun cinsi orqanının çox balaca olduğunu görüb heyrətlə, bir az da mərhəmətlə ona deyir: “Oğlan, anan sənin vayına otursun, sən nə cürət edib bura gəlmisən”. Bəh, bəh, bəh... Nə gözəl sözlərdi. Sözdən pozitiv enerji fontan vurur. Bu sözləri nağıllarda divin mağarasına girən igidlərə saçından asılmış, divin girov götürdüyü qızlar deyirlər. Dolayısı ilə belə alınır ki, balaca cinsi orqanla bazlığa getmək, divin mağarasına girmək kimi bir şeydir. Yəni, hər iki addım insandan böyük cürət tələb edir. Hər yazımda digər mətnlərə bax belə incə göndərmələr olur. Oxucularımızın isə səviyyəsi çox aşağıdır. Belə deyək, mirvariləri sağa-sola səpələməklə məşğulam. Amma oxucuların səviyyəsi aşağıdır deyə, mən öz səviyyəmi aşağı sala bilmərəm. Bu hər şeydən əvvəl özümə qarşı xəyanət olar.

 

Yazı yazmazdan əvvəl mövzunu başımda çox bişirirəm. Yazı məni qane edən formanı alana qədər bir neçə dəfə formasını dəyişir. Xüsusi əhəmiyyətli hesab etdiyim mövzuları işləməzdən əvvəl öz miqyasıma görə yaxşı pul xərcləməliyəm. Yaxşı bazarlıq etməliyəm. Əlimin altında cürbəcür şokoladlar, tortlar, piroqlar, konyak, likor olmalıdır. Həmçinin tutaq ki, doxsanıncı illərə aid yazı yazacağamsa həmin illərin mahnılarına qulaq asıram, kliplərinə, filmlərinə baxıram. Bu kimi vasitələrlə yaddaşımı qıcıqlandırıram. Kliplərin, filmlərin altına yazılmış rəyləri oxuyuram. Müxtəlif vaxtlarda, müxtəlif məkanlarda gördüyüm maraqlı, istedadlı, hansısa səbəblərdən özünü ifadə etməyə imkan tapmamış adamları xatırlayıram. Keçmişdə cahilliyim üzündən yol verdiyim pis əməllərimi, günahlarımı, oğraş-oğraş hərəkətlərimi yada salıram. Bu, bir növ yazıdan əvvəl özünü qamçılamaqdır. Özüm özümü kədərləndirməsəm yazı yaza bilmərəm. Hətta, bəzən özümü o dərəcədə kədərləndirirəm ki, sakitləşdirici dərman qəbul etməyə məcbur oluram. Bizim ailədə hər kəs özünə görə istedadlı idi. Müharibə, qısa vaxtda hər şeyimizi itirməyimiz, ordan-ora, burdan-bura köçməyimiz nəticəsində məndən savayı heç kim təhsil ala bilmədi. Mən həm də təhsil ala bilməyən ailə üzvlərimin, ümumiyyətlə, hansısa səbəblərdən özünü ifadə edə bilməyən, həyatda gördüyüm bütün maraqlı, istedadlı adamların əvəzindən yazıram. İşin faciəvi tərəfi ondan ibarətdir ki, bütün bunlar asanlıqla illüziya ola bilər.

 

Əvvəllər yazını bir-iki saata şappıltı ilə yazırdım. İndi həcmindən asılı olmayaraq bir yazının yazılmasına bütün günümü sərf edirəm və yazını yazıb qurtarandan sonra dəhşət yoruluram. Tərpənməyə halım olmur. Qaynar düş qəbul etdikdən sonra bir az özümə gəlirəm.

 

- Həmid Herisçi çox zaman söhbət əsnasında keçmiş “Ayo”çuların, həmçinin də sənin ondan xeyli bəhrələndiyini, onun açdığı cığırla getdiyini vurğulayır. Özünün sizdən uzaqlaşmasını isə sizin onu və yaradıcılığını danmağınıza, onu görməzdən gəlməyinizə bağlayır. Həmid Herisçiyə münasibətin maraqlıdır.

 

- Burda ya həddindən artıq çox danışmalıyam, ya da ümumiyyətlə susmalıyam. Gəl ikinci variantı seçək.

 

- Selincerin “Dülgərlər taxtabəndləri qaldırın” əsərindən və müəllifin boşluqlara toxunmasından bəhs etdin. Tənqidçi Cavanşir Yusifli “Bitməyən müharibə hekayətləri” yazısında tənqidçi, filosof Mixail Baxtindən sitat gətirərək sənin “Qab-qacaq səsi” hekayəndə boşluğa toxunmalarından bəhs edir. Bu haqda nə deyə bilərsən?

 

- Açığın desəm, Cavanşir müəllimin yazısı xeyli dərəcədə təəccübümə səbəb oldu. Lütfən, xətrinə dəyməsin, nəsrdə boşluğa toxunmaq məsələsindən xəbərdar olmağını Cavanşir müəllimdən gözləmirdim. Üstəlik, “Qab-Qacaq səsi” hekayəsində boşluğa toxunduğum məqamları tutmağı məni lap şoka saldı. Azərbaycanda kiminsə nəsrdə boşluğa toxunmaq mövzusunda yazı yazdığını görməmişəm. Bəlkə də kimsə nə vaxtsa bu barədə yazıb, xəbərim olmayıb, gözümdən qaçıb. Azərbaycan ədəbiyyatında ümumilikdə üç adam boşluğa toxunmağı bacarıb. Cəfər Cabbarlı, Hüseyn Cavid və mən. Cəfər Cabbarlı, Hüseyn Cavid hansı əsərdə, haralarda boşluğa toxunublar, onu deməyə ehtiyac görmürəm. Nəsrdə isə heç kim boşluğa toxunmayıb. Görməmişəm. Rastıma çıxmayıb. Hərçənd Azərbaycan ədəbiyyatının üstündən beş-altı dəfə o tərəfə, bu tərəfə keçmişəm. Yalnız İsi Məlikzadənin “Yaşıl gecə”, “Evin kişisi” povestlərində boşluğa toxunmağın lap cıqqılı işartıları var. Ona görə də müsahibələrimdən birində demişdim; ədəbiyyatın elə bir pilləsi var ki, o pilləyə Azərbaycan ədəbiyyatında uç adam qalxa bilib: Cəfər Cabbarlı, Hüseyn Cavid və bəndeyi-həqiriniz. Bu sözlərimə gülənlər oldu. Olsun.

 

Bu mövzu hər kəsin qanacağı mövzu deyil. Azərbaycan yazıçılarının boşluğa toxunmağı bacarmadıqların qoyaq bir kənara. Bizim yazıçıların bədii təfəkkürü heç əsərlərdə müəllifin boşluğa toxunduğu məqamları tutmaq iqtidarında deyil. Bu dəqiqə Platonovun tutalım “Takır”, “Çevenqur” əsərlərini bizim yazıçıların qabağına qoysan və desən ki, bu əsərlərdə müəllifin boşluğa toxunduğu məqamları tutun, maksimim iki, ən uzağı üç adam bunu bacarar. Nadir istisnaları çıxsaq, yazıçılarımız nəinki nəsr yazmağı bacarmırlar, heç hələ əsər oxumağı düz-əməlli öyrənməyiblər.

 

- “İntihar və azadlıq” adlı yazını oxudum. Mənə elə gəldi ki, sən daima intihar haqqında düşünürsən. İntihar mövzusu bu yaşda sənin üçün nə qədər aktualdır?

 

- Çoxdan yazmışam o yazını. Hardasa yeddi-səkkiz il əvvəl. Sadəcə yaxınlarda “azlogos” saytı təzədən dövriyyəyə buraxdı və nəticədə başım xeyli ağrıdı. O mənada ki, yazını indi oxuyan dost-tanışlar narahat olaraq zəhləmi tökdülər. Almaniyada yaşayan bir dostum lap şitini-şorunu çıxararaq, palaz boyda məktublar yazaraq, beynimi nə az, nə çox, düz bir ay babat xarab elədi. Yaşamaq lazımdı, mübarizə etmək lazımdı, nə bilim banan yemək lazımdı, nar şirəsi içmək lazımdı... Nəyə gərəkdi belə səydəş hərəkətlər? Yeniyetmə deyilik axı. Zəhləm gedir təsəllidən. Hesab edirəm ki, saçı-saqqalı ağarmış adama təsəlli vermək böyük tərbiyəsizlikdi. Əksinə yaşlı bir insan çətinliyə düşəndə, onun düşdüyü vəziyyəti daha da tünd boyalarla təsvir etmək lazımdır ki, qoy real, öz sonuncu seçimini etsin. Həyatın bəzi sahələrində axırda olacaq hadisənin, əvvəldə olmasının tərəfdarıyam. Sualın isə yumşaq desəm, bir qədər kobud sualdır. Madam bu kobudluğu etmisən, sualına cavab verim, ta mayan çox da batmasın.

 

Kül olsun o yazıçının başına ki, intihar haqqında düşünmür. Roman Qari deyirdi: “İntihar haqqında daima düşünməyim məni ədəbiyyata vicdanla yanaşmağa vadar etdi” Amma intihar etmiş hər yazıçını da yaxşı, güclü yazıçı hesab etmək düzgün sayılmaz. Belə bir meyar yoxdur, olmamalıdır. Boris Akuninin “İntihar və yazıçı” adlı kitabını oxuyanda intihar etmiş yazıçıların, şairlərin çoxluğu məni şoka salmışdı. Kitabda adı çəkilən, haqlarında yazılan yazıçıların, şairlərin çoxunun adın belə eşitməmişdim.

 

İntihar haqqında düşünməyim Herman Hessenin “Yalquzaq” əsərinin qəhrəmanı Harri Hallerdə olduğu kimi, mənə yaşamaq üçün güc verir. Harri Haller intihar yolu ilə kökünü birdəfəlik kəsəcəyi xəstəliklərini nəzərdə tutaraq necə deyir? Deyir, indi görün, sizin başınıza nə oyun açacam. Məndə də təxminən eyni vəziyyətdir. Çantamda daima beş qutu yuxu dərmanı olur. Beş qutu da çarpayımın yanında. Bilirəm ki, ən çətin anda xilas yolum, alternativ variantım var. Heç bir çətinliyə dözmək fikrim yoxdur. Bu mənada futbol şərhçilərinin təbirincə desəm, neçə ildir artırılmış vaxtda oynayıram. Hər an hakimin final fiti səslənə bilər. Daima yanımda gəzdirdiyim yuxu dərmanları mənim həyata qarşı zirehimdi, silahımdı. Əks halda bu həyatda bircə saat da yaşamağa gücüm çatmaz. Amma xüsusi bir çətinliklə, fors-major vəziyyətlə qarşılaşmasam bacardığım qədər yaşamağa davam edəcəm. Əvvəla yazmalıyam, mövzularım var. İkincisi, sıxılmış limona çevrilməyincə, yəni fiziki cəhətdən tam sıradan çıxmayınca həyatı könüllü tərk etmək, məncə, bir qədər fərarilikdi. Bəlkə də bu intim mövzuda belə açıq danışmaq düzgün deyil. Məsələ ondadır ki, artıq hisslərimi açıq ifadə etməkdən utanmıram. Qəribə bir laqeydlik yaranıb öz şəxsimə qarşı. Dəyəsən, buna depersonalizasiya deyirlər. Ola bilsin, səhv edirəm. Təxminən bir ay əvvəl metroda getdiyim zaman bir də hiss etdim ki, öz-özümə danışıram. Ətrafdakı adamlar da maraqla mənə baxırlar. Çox adi qəbul etdim bu vəziyyəti. Utanmadım, sıxılmadım. Sanki, elə belə də olmalı imiş. Sadəcə, həmişə olduğu kimi indi də çox zövqlə geyinirəm. Geyim-kecimimdən qalmıram. Elə üç gün əvvəl özümə üç ədəd əla köynək aldım. Zövqlə geyinməyim isə ümumi mənzərəni pozur. Hələ də zövqlə geyinməyə davam etməyim özümə də qəribə gəlir. Bilmirəm, bu zövq məndə hardandır.

 

Bir həftə bundan əvvəl supermarketdə heç nədən dava saldım. Bazarlıq edib marketdən çıxanda mühafizəçi məndən çek istədi. Dedim, sən kimsən məndən çek istəyirsən? Atdım kulyokları kassirin qabağına, pulumu geri qaytarmaqlarını tələb etdim. Hay-həşirə menecer gəldi. Menecer soruşdu nə baş verib? Dedim, sizin mühafizəçi məni təhqir edib. Aldığım malları qaytarıram. Bir də ayağım bura dəyməyəcək. Mühafizəçi, menecer bir neçə dəfə üzr istədi. Qəbul etmədim, dedim, pulumu qaytarın, mən təhqir olunduğum marketdən bazarlıq edə bilmərəm. Nə başını ağrıdım, marketin fəaliyyətin yarım saat dayandırdım. Alıcılardan da xeyli adam məni dəstəklədi. Sonra fikirləşirəm ki, nəyə lazım idi o dava-dalaş? Mühafizəçi çek istəyib, sakitcə çıxart ver də. İndi hərəkətimə çox peşman olmuşam. Çünki həmin marketin şirniyyat bölməsində “Qafqaz əsiri” filmində Ninanın yediyi kətəyə oxşayan əla, içi qozlu kətələr satılır. Özləri bişirirlər. Səhər yeməyində duzlu pendirlə o kətələr yaman gedirdi. Heç nədən o cür gözəl kətələrdən məhrum oldum.

 

Nə gizlədim, artıq hərəkətlərimə nəzarət edə bilmirəm. Problem həm də ondan ibarətdir ki, sən öz vəziyyətini adi qəbul edirsən, başqaları isə vəziyyəti qəlizləşdirirlər, mürəkkəbləşdirirlər. Tomas Mann düz deyirmiş, dəli olmaq faciə deyil. Doğurdan da çox şişirdiblər, çox faciələşdiriblər bu dəli olmaq söhbətini. Fransız mütəfəkkiri Şarl Lui Monteskyö isə dəlilik mövzusunda ifadə etdiyi bir fikirlə konkret doqquzluğa vurub. O, deyirdi: “İnsanlar dəlixanalar tikməklə özlərinə axmaq təsəlli verirlər. Guya dəlixananın çölündə yaşayanlar dəlixananın içində yaşayanlardan daha ağıllıdırlar”. Həqiqətən axmaq təsəllidir. Axı dəlixananın çölündə yaşayıb kreditlə maşın, mebel, paltar alanları, kreditlə toya məşhur müğənni, meyxanadeyən çağıranları, bütün ömrü boyu qazandığını ev tikməyə, daşa, quma, sementə, betona xərcləyənləri, mahnı üstündə bıçaqlaşanları, qız uşaqlarını ana bətnindəcə qətl edənləri və bu qəbildən olan digər əməllərin sahiblərini dəlixananın içində yaşayanlardan necə ağıllı hesab etmək olar? Hələ mən ən zərərsiz dəlilikləri sadaladım. Hesab-dəftərə vursaq görərik ki, dəlixananın çölündə yaşayanlar, dəlixananın içində yaşayanlardan daha çox dəlidirlər, daha çox qorxuludurlar. Bəs bu aclıqları, fəlakətləri, soyqırımları, müharibələri törədənlər, irqçilik, millətçilik, dini fanatizm toxumları səpənlər kimlərdir? Dəlixananın çölündə yaşayanlar, özlərini dəlixananın içində yaşayanlardan daha ağıllı hesab edənlər. İyirminci əsrdə iki dünya müharibəsi baş verdi. Kim idi bu müharibələri törədənlər? Özünü sivil, dəlixananın içində yaşayanlardan ağıllı hesab edən adamlar. Nasistlər gündüzlər adamları qaz sobalarına doldururdular, axşamlar isə tər-təmiz geyinib, ətirlənib, əllərində içi konyakla dolu badələr Bethovenə qulaq asa-asa fəlsəfədən, ədəbiyyatdan danışırdılar...

 

Mənim üçün məişət müstəvisində özümlə bağlı nəyin, hansı hadisənin baş verməsinin artıq əhəmiyyəti qalmayıb. Məişət müstəvisində hər cür axmaq, oğraş hərəkətlər edə bilərəm və etmişəm də. Təki ictimai-siyasi müstəvidə düşüncələrim, fikirlərim sağlam qalsın. Təki ictimai-siyasi müstəvidə alnım açıq olsun, vicdanıma ləkə düşməsin. İnsan həyatının üç mənası varsa, şübhəsiz bu üç mənadan biri ictimai-siyasi müstəvidə düşüncələrin sağlam qalması, alnının açıq olmasıdı. Bir də ki, məsələyə yaradıcılıq nöqteyi-nəzərdən yanaşsaq, axı orta temperaturda bir az dərin nə yazmaq olar? Axı orta temperaturda qalsaydım “Quş bazarı”, “Ölümün təvazökar cazibəsi”, “Amerikanın Lermantovu” kimi yazıları, “Sentimental səyahət”, “Uğursuz şairin ölümü” kimi hekayələri yaza bilməzdim.

 

- Bu cür itkilərin qarşısında o yazıları yazmağa dəyərdimi?

 

- Əlbəttə, dəyərdir. Yuxarıda insan həyatının mənalarından biri haqqında ətraflı danışdıq. İnsan həyatının bir mənası da kompromissiz, konyunkturasız yaradıcılıqdır. Əyri yollarla rahatlıq və xoşbəxtlik axtarmaq bir əxlaq kodeksi olaraq insandan daha çox donuz sürüsünə yaraşır. Öz sözüm deyil. Eynşteyn təxminən belə bir söz deyib. Gedib, Cəfər Cabbarlının heykəlinin yanında dayanıb on manata bədənimi sataram, amma konyunkturaya hesablanmış bir kəlmə də söz yazmaram. Xahiş edirəm, heç kim burda freydizm-mreydizm elementləri axtarmasın. Vəziyyəti izah etmək üçün belə bir misal çəkdim. Həyatın sərt döngələri qarşısında çox acizik. Otuz il, qırx il əmək, zəhmət sərf etdiyimiz, bütün həyatımızı xərclədiyimiz bir obyekti, bir subyekti beşcə saniyədə itirə bilərik və itiririk də. Bu mənada, yaradıcılıq ən etibarlı məşğuliyyətdir. Drayzer müəllifi olduğu “Arzular trilogiyası”nda bu mövzunu bağlayıb. Daha ətraflı danışardım, amma yaxınlarda “Arzular trilogiyası” haqqında yazı yazacam. Nəzərə almaq lazımdır ki, yaşamaq üçün həm də yazı yazıb qonorar almalıyam. Bütün mövzularımı bir müsahibədə xərcləyə bilmərəm.

 

- İndiki yaşda özünü daha çox hansı dinə məxsus hiss edirsən?

 

- Özümü İsa peyğəmbərçi hesab edirəm. İsa peyğəmbərə sevgim və hörmətim sonsuzdu. Onun “bu kasanı məndən yan keçir, amma bu, mənim yox, sənin iradən olsun” duası ən sevdiyim duadır. Nə olsun peyğəmbərdir, özünə tam arxayın deyil, qorxur ki, birdən imtahandan keçməyə gücü çatmaz, yalvarar, ağlayar, biabırçılıq, rüsvayçılıq olar. Ona görə də, daha yuxarı instansiyaya müraciət edir ki, məni bu imtahandan keçir, mən deməyəcəm özüm keçdim bu imtahandan, deyəcəm ki, sənin verdiyin gücün hesabına bu imtahandan keçdim. Dayaz ağlımla söhbəti belə başa düşmüşəm. Ayrı-seçkilik salmaq istəməzdim, din mövzusunda da elə bir dərin məlumatım yoxdur, bununla belə, hesab edirəm ki, İsa peyğəmbər insanlara ən yaxın peyğəmbərdir. Onun iztirabları insani iztirablardır. İsa peyğəmbərin dramaturgiyası da çox güclüdür. Zarafat deyil, peyğəmbər durub yüngül əxlaqlı qadına deyir ki, get, mən də səni ittiham edə bilmərəm. Nə deməkdi bu?

 

- İndi yaradıcılığında vəziyyət nə yerdədir? Nə yazırsan, nələri planlaşdırırsan?

 

- Yaxın vaxtlarda balaca, mini bir roman, təxminən on, on iki hekayə yazmaq fikrim var. Yazacağım romanda, hekayələrdə adamlar oturub axmaq mövzularda boş-boş, gic-gic danışacaqlar. Mənasızlıq indi məni çox çəkir. Ürəyim istəyən qədər boşboğazlıq eləmək istəyirəm. Heç bir məna ifadə etməyən mətnlər yazmaq ovqatındayam.

 

- Füzuli işğaldan azad olunanda dedin ki, heç bir hiss keçirməmişəm. Ancaq mənə elə gəlir, sən bunu bir az da acıqla demişdin. Füzulinin azad olunması sənə necə təsir etdi?

 

- Niyə sənə elə gəlir ki? Niyə Füzuli azad olunanda mütləq hansısa hiss keçirməli idim? Axı bir az əvvəl bir kitablıq söz danışıb, dedim ki, bəzən ətrafımda baş verən hansısa hadisəyə dəhşət laqeyd qalıram, bunu qəsdən etmirəm, bu, təbii şəkildə belə alınır və bu, haqlı olaraq adamlarda acıqlı suallar yaradır. Amma indi, hal-hazırda içimdə böyük bir boşluq hiss etməkdəyəm. Dəqiq bilirdim ki, orda daş-daş üstə qalmayıb, hər şey dağıdılıb. Bununla belə, hardasa içimdə bir ümid vardı, bəlkə də əvvəlki Füzulidən nələrsə qalıb. Heç nə qalmayıb. Bu, qəti şəkildə aydın oldu. Ola bilsin, əvvəlki Füzulidən əlli dəfə yaxşı Füzuli tikəcəklər, amma bu gördüyüm Füzuli olmayacaq. Əvvəlki Füzuli, evlər, küçələr, mağazalar, uşaq kitabxanası, avtovağzaldakı su köşkü, bazar, çörək zavodu, univermaq, oxuduğum məktəb, kinoteatr, mədəniyyət evi, Qələbə parkı, muzey... Bütün bunlar ancaq yaddaşda qalıb, tərslikdən yaddaşım da sürətlə zəifləyir. Füzulidə “Köndələn” restoranı vardı. Qarabağda ən tanınmış, ən bərkgedən restoranlardan biri idi. “Köndələn” restoranına baxanda həmişə arzulayırdım ki, tez böyüyüm, gedib orda oturum, yeyib-içim. Belə baxanda çox da böyük, əlçatmaz arzu deyildi. Mən axı kosmonavt olmaq, nə bilim, aya qalxmaq kimi böyük, əlçatmaz arzudan yapışmamışdım. Mənim arzum adicə bir arzu idi. Restoranda oturub yeyib-içmək istəyirdim. Ona da imkan vermədilər...

 

Bu ötən illərdə insanlar nə qədər zülmlər çəkdilər. Nə qədər adam torpaq, evim deyə-deyə öldü. Hərəni bir kənddə, hərəni bir qəsəbədə basdırdılar. Nənəm ağır xəstə idi. Soruşdum nə istəyirsən? Mən elə bildim, armud, alça, ya da nə bilim gilas-zad istəyəcək, mən də gedib bazardan alacam. Bir nəvə kimi borcundan az da olsa çıxacam. Özümü belə bir istəyə hazırlamışdım. Qayıdıb deyəsən ki, heç nə istəmirəm, evimdə ölmək istəyirəm. Dedim, axı ev yoxdur, dağılıb. Dedi, quruca torpaq bəsimdir. Mən mer-meyvə almağa hazırlaşırdım, ölüm ayağında olan adamın evini, torpağını necə qaytarım? Nəyə lazım idi bütün bu qırğın-qiyamət? Onsuz da insan həyatı qısadır.

 

Füzulidə iaşə obyektlərinə camaat adam adı qoyurdu. Müşviqin dəlləkxanası, Robertin kababxanası, Bayramın çayxanası, İsinin xəngəlxanası... Ən yaxşı xəngəli İsinin xəngəlxanasında verirdilər. Dəyəsən, mətbəx kitablarında o xəngəlin adı Şuşa xəngəli kimi gedir. İsi atamın dostu idi. Yadımdadır, bir dəfə 1 May günü səhər lap ertədən, qancıq it tayadan düşməmiş, gedib orda xəngəl yedim, sonra parada getdim. Heç bir yuxu məni aldada bilmir. Yuxuda yuxu gördüyümü bilirəm. Elə iki gün əvvəl axmaq, yaşıma uyğun olmayan bir yuxu görürdüm. Başqası o yuxunu görsəydi çox sevinərdi, amma mən elə yuxuda da bilirdim ki, sevinmək-zad lazım deyil, nisiyə söhbətdir. Təkcə İsinin xəngəlxanası məni yuxuda aldada bilir. Hər həftə o xəngəlxana yuxuma girir. Yuxuda görürəm ki, xəngəlxanaya girirəm. Əllərimi nöyüt peçinə yaxınlaşdırıb qızdırıram. Bir növ xəngəl yeməzdən əvvəl gimnastika edirəm. Sonra otururam nöyüt peçinin yanındakı stolun arxasında. Bir az keçir, İsi qıyması, yağı bol olan xəngəli buludda gətirib qoyur qabağıma. Çəngəli əlimə alıb xəmirə batırıram. Nə bir dəqiqə gec, nə də bir dəqiqə tez, düz çəngəli ağzıma yaxınlaşdıran vaxt yuxudan ayılıram. O xəngəldən yuxuda bircə tikə yeyə bilsəm dincələrəm. Canımı boğazıma yığıb o xəngəlxana. Bilmirəm məndən nə istəyir?..

 

Kulis.az

Tarix: 15 Aprel 2021, 22:26   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin