“Biz hazırda Azərbaycanın Baş Prokurorluğuna şikayət hazırlayırıq. İstəyirik ki, bizləri ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyevin işi üzrə zərərçəkən qismində tanısınlar”- bu sözləri Səid Dadaşbəyli deyib.
Onun sözlərinə görə, 2007-ci ildə onunla birgə həbs olunan şəxslərə qarşı cinayət törədilib: “Mövlam Şıxəliyev bizlərə qarşı törətdiyi cinayətlərə görə cəzaya çatdırılmalıdır. Hamı bilir ki, bu iş ilk gündən qondarma idi. Onlar ilkin olaraq məni ”verbovka" etməyə çalışırdılar. “Azəri EM-AY DRİLLİNG FLÜİDS” ABŞ-Azərbaycan birgə müəssisəsində çalışırdım. Baş təchizat idarəsinin koordinatoru idim. Bütün nəqliyyat deklorasiyaları, xaricdən gələn yüklər, bütün müqavilələr əlimdən keçirdi. Onlar bunu haradansa öyrənmişdilər, çalışırdılar ki, onların dediyini edim, şirkətdə işləyənlərin “torbasını” tikim, şirkətə “juçok”lar yerləşdirim. Mən onlara dedim ki, bunu etməyəcəyəm. Bundan sonra mənimlə konfliktləri düşdü. Mənim “Forex” şirkətimlə bağlı problemlər yaratmağa başladılar. Mövlam Şixəliyev bizim üçün saxta istintaqı quran və onun başında duran adam olub. MTN dağılanda həbs edilməli olan ilk adamlardan biri o olmalı idi. Bizə qarşı işgəncələrdən, təzyiqlərdən, qeyri-insani davranışlardan istifadə edərək, saxta işimizin ssenarisini yazanların biri idi".
Səid Dadaşbəyli deyir ki, Mövlam Şıxəliyevin onunla birlikdə həbs edilən və sonra MTN-də işgəncələrdən dünyasını dəyişən Emin Məmmədovun qətlində birbaşa əli var: “Emini işgəncə ilə öldürdülər. Ona işgəncələrin verilməsinə Mövlam rəhbərlik edib. Eminə verilən işgəncələri videoya çəkib, Mövlan mənə nümayiş etdirirdi. Hesab edirəm ki, ona qarşı irəli sürülən ittihamlardan biri də bu olmalıdır. O, vəzifə səlahiyyətini aşıb, işgəncə verib, nəticədə adam ölüb. Təəssüflər olsun ki, bu cinayətlərdə Baş Prokurorluğun o zamankı rəhbərliyi də məsuliyyət daşıyır. Bu gün Rüstəm Usubov azadlıqda olmamalıdır. Bilirsiniz ki, Avropa İnsan Hüquqları Məhkəməsi mənim qanunsuz həbsimlə bağlı şikayətimi təmin edib. Bu fakt kifayət edir ki, bizim həbsimizin qanunsuz olması araşdırılsın və bu adamlara ittihamlar verilsin”.