Bakı gün-gündən gözəlləşir, inkişaf edir. Yeni binalar tikilir, parklar salınır, məhəllələr təmir olunur. Bir sıra yerlərdə köhnə, qəzalı, şəraitsiz evlər köçürülür, dar və yöndəmsiz küçələr geniş prospektlərlə əvəzlənir. Bir sözlə, paytaxt abadlaşır, yeniləşir.
Bu işlər bir Bakı sakinlərini çox sevindirir. Vaxtı ilə dar və şəraitsiz həyətdəki mənzildən yeni binaya köçən insanların həyatı çox dəyişib.
Artıq xeyli vaxtdır ki, keçmiş Sovetski adlanan ərazidə köçürmə işləri aparılır. 19-cu əsrin sonlarında tikilən, qəzalı vəziyyətə düşmüş köhnə evlərin sakinləri mərhələli şəkildə köçürülür, ərazi abadlaşdırılır. Lakin burada, xüsusilə də Təzə pir məscidinin yaxınlığında bəzi evlər var ki, hələ indiyə qədər köçürülməyib. Həmin ərazidən keçəndə çox acınacaqlı mənzərə görünür. Ayrı-ayrı yerlərdə söküntülər arasındakı evlər müharibə dövründəki xarabalıqları xatırladır. Bu ərazidəki M.Sübhü, Vidadi, Tolstoy, Z.Adıgözəlov, A.Şaiq küçələri palçığın içindədir, piyadaları demirəm, heç maşınla keçmək mümkün deyil. Allahın evinə getməyə vətəndaşlar əziyyət çəkirlər.