Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Xəzər üzrə yeni nümayəndə təyin edib. Belə ki, Putinin sərəncamı ilə İqor Bratçikov nümayəndə vəzifəsindən azad edilib. Onun yerinə Mixail Petrakov təyinat alıb. Maraqlıdır, sözgedən dəyişiklik özündə nəyi ehtiva edir? Ümumiyyətlə, Rusiyanın Xəzərdə xüsusi nümayəndəlik yaratması nə dəcədə qanunidir? Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Cümşid Nuriyev Xəzər üzrə nümayəndə təyin olunmasının beynəlxalq hüquqa zidd olduğunu bildirib:
"Putin hüquq üzrə mütəxəssis və hüquqşünasdır. Lakin bir tərəfdən də özü beynəlxalq hüququ pozur. Daxili dənizlər haqqında beynəlxalq konvensiyaya görə dəniz əgər ölkənin içindədirsə, bu ölkə o zaman həmin dənizə sahiblənmək hüququna sahibdir, yəni həmin ərazi üzrə göstərişlər verə bilər. Xəzər dənizi daxili dəniz olsa belə bu 5 dövlətin səlahiyyətindədir. Belə bir şəraitdə Putinin buraya xüsusi nümayəndə təyin etməsi beynəlxalq hüquqa ziddir. Digər tərəfdən isə bu, Azərbaycana bir mesajdır. Xəzərin təxminən 1/5-i Rusiyanın nəzarətindədir. Belə bir şəraitdə onun buraya xüsusi nümayəndə təyin etməyə nə ixtiyarı var?!”
Ekspert hesab edir ki, bunu həm də rəsmi Bakıya verilən mesaj kimi dəyərləndirmək olar: ”O Azərbayana mesaj verir ki, burada hərbi qüvvələr olacaq. Bu hərbi qüvvələr Putinin istədiyi vaxt problemi olan ölkələrə təzyiq göstərə biləcək. Lakin əsas hədəf Azərbaycana yönəldilib. Çünki Azərbaycan onların prizması ilə baxsaq, bəzi məsələlərdə "cığallıq” edir, Rusiyanın planlarını pozur. Sözgedən addım Azərbaycana cəza kəsmək məqsədilə ortaya atılıb".