BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Məmmədova qarşıda 100 minlik iddia

"Lombard N:1" firmasının sahibi Məlahət Qurbanova Criminal.az saytının baş redaktoru Anar Məmmədova qarşı daha bir iddia qaldırıb.

 

Pravda.az xəbər verir ki, Ağdam rayon Məhkəməsində qaldırılmış mülki iddiada M.Qurbanova baş redaktordan 100.000 manat pul tələb edir.

 

M.Qurbanova Criminal.az saytında onun yayımlanmış məqalələri onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu alçaldan məlumatlar hesab edir. Ona görə də, məhkəmədən həmin yazıların təkzib edilməsi, baş redaktorun üzr istəməsi, saytın fəaliyyətinin məhdudlaşdırılması ilə yanaşı A.Məmmədovdan 100.000 manat pul tutularaq "Heydər Əliyev Fondu"nun hesabına köçürülməsini istəyir.

 

A.Məmmədov məhkəmədə vəsatət qaldıraraq M.Qurbanovanın iddia ərizəsinin ərazi aidiyyatı üzrə müvafiq məhkəməyə göndərilməsi barədə qərardad qədul etməsini xahiş edib. Məhkəmə vəsatəri rədd edib. Ona görə də, cavabdeh tərəf qərardaddan apellyasiya şikayəti verib.

 

Criminal.az saytının baş redaktoru Anar Məmmədov yazılarına görə artıq bir neçə dəfə məhkəməyə verilib. Sonuncu dəfə ötən ilin sonlarında "Məlahət" MMC-nin rəhbəri Məlahət Qurbanova xüsusi ittiham qaydasında iddia qaldıraraq jurnalistin həbsini tələb edib. Jurnalist "Lombard N:1" firmasının sahibi Məlahət Qurbanovanın iddiası əsasında təqsirləndirilən şəxs qismində cəlb edilib. İşə yanvarın 8-də Ağdam rayon Məhkəməsində hakim Mahir Niftiyevin sədrliyi ilə baxış başlayıb. Məhkəmə məqalələrdəki "lombard" sözünün təhqir və böhtan olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edib. Qurbanova onu böhtan atmaqda ittiham edir, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə mühakimə olunmasını tələb edir.

 

 İki məqalə iddia predmetidir:

 

- Keçmiş nazir "Lombard Məlahət"i məhkəməyə verdi - "Torpaqlarımı boşalt..."

- "Lombard Məlahət"lə sabiq nazirin davası: "Rolls-Royce" mərkəzinin zirzəmisini bölə bilmirlər.

 

Məqalələrdə söhbət Qurbanova və keçmiş əmək naziri Fizuli Ələkbərov arasında qeyri-yaşayış sahəsi ilə bağlı çəkişmədən gedir. Qurbanova iddiada lombard fəaliyyəti ilə məşğul olmadığını qeyd edir və jurnalisti sabiq nazirin maraqlarını müdafiə etməkdə ittiham edir. Anar Məmmədov iddia ərizəsində yazılanlarla razılaşmır və kimsəyə böhtan atmadığını, heç kimi təhqir etmədiyini deyir.

 

Media hüquqçusu Xalid Ağaliyev hesab edir ki, yerli məhkəmənin detallara varmadan, gərəkli araşdırma aparmadan jurnalistə qarşı xüsusi ittiham şikayətini icraata qəbul etməsi təəssüf doğurur.

 

"Belə qərarların qəbulu ilk növbədə milli qanunvericiliyin tələblərinə uyğun görünmür. Azərbaycan Respubikasının cinayət-prosessual qanunvericiliyi kifayətə qədər aydın şəkildə göstərir ki, xüsusi ittiham qaydasında şikayətlərin icraata qəbul edilib-edilməməsi məsələsi yetərli araşdırma apardıqdan sonra mümkündür. Bu işdə jurnalist böhtan və təhqirdə ittiham olunur. Şikayəti icraata qəbul edən məhkəmə əmin olmalı idi ki, jurnalist doğrudan da aşağılayıcı ifadələr yayıb. Sözügedən şikayətdə isə söhbət lombard sözünün şikayətçiyə aid edilməsindən gedir. Lombard qanuni fəaliyyət növüdür, necə ola bilər ki, məhkəmə qanuni fəaliyyət növünün bu fəaliyyətlə məşğul olan şəxsə xitabən dilə gətirilməsini xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün əsas hesab etsin? Buna görə, məhkəmənin qərarı elə ilk baxışdaca qanuni və əsaslı görünmür”.

 

X.Ağaliyev jurnalistlərin yazılarına görə cinayəti hüquqi kontekstdə mühakimə olunmasını doğru saymır. Onun sözlərinə görə, milli qanunvericilik tələb edir ki, məhkəmələr belə işlərə baxarkən beynəlxalq müqavilələrə əməl etsinlər, Avropa Məhkəməsinin standartlarına uyğun davransınlar. Avropa Məhkəməsi isə belə işlərdə jurnalistlərə azadlıqdan məhrum etmə cəzasının, ümumiyyətlə cinayət cəzalarının verilməsini yolverilməz sayır. Avropa Məhkəməsi Azərbaycanla bağlı çıxardığı bir neçə qərarda da ifadə azadlığına cinayət-hüquqi müdaxiləni yolverilməz sayıb və Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutuan maddələrinin ləğv edilməsini istəyib.

 

Ekspert ümid edir ki, rayon məhkəməsi icraata qəbul etdiyi şikayətə ən qısa zamanda uyğun daxili qanunvericiliyin, habelə Avropa Məhkəməsinin təcrübəsinin işığında baxacaq və onu rədd edəcək.

 

Xatırladaq ki, məhkəmə ərəfəsində sosial şəbəkələrdə A.Məmmədovun naməlum şəxslər tərəfindən "vəhşicəsinə döyülməsi” və bu hücumun hansısa "oliqarx” tərəfindən təşkil edilməsi barədə məlumatlar yayılıb. A.Məmmədov bunu yalan adlandırıb və DİN rəhbərliyini bu dezinformasiyanı yayanları tapıb cəzalandırmağa çağırıb. A.Məmmədov özü Azərbaycan DİN rəhbəri Vilayət Eyvazova məktubla müraciət edərək ona hücum edilməsi və amansızcasına döyülməsi barədə sosial şəbəkələrdə yayılan məlumatların araşdırılmasını xahiş edib. Jurnalist hesab edir ki, saxta məlumatın yayılması ona qarşı planlaşdırılan təxribatın tərkib hissəsidir. Bununla əlaqədar o, DİN rəhbərindən yalan məlumatları yayan şəxslərin aşkar edilməsi və cəzalandırılması üçün tədbirlər görülməsini xahiş edib. Bundan dərhal sonra V.Eyvazov jurnalisti qəbul edib.

 

Bildirdi ki, ona ünvanladığı açıq məktubda ifadə edilən məqamları nəzərə alıb, dərhal şəxsi nəzarətə götürüb. Vurğulayıb ki, müraciətilə bağlı zəruri araşdırma aparılacaq.

 

Nazir əlavə edib ki, bunun üçün kifayət qədər texniki imkanlara malikdirlər. Daxili İşlər Nazirliyi MDB məkanında ən yüksək səviyyətə texniki təchizata malikdir. Bütün vətəndaşlar, o cümlədən jurnalistlərin təhlükəsizliyi bizim üçün önəmlidir. Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin.

 

Görüşdən sonra baş redaktora bir neçə telefon nömrəsi də verilib, hər hansı təhlükə və təhdid olarsa, təcili olaraq həmin nömrələrlə əlaqə saxlaması tapşırılıb.

 

Anar Məmmədov 2019-cu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay şərti cəzaya məhkum edilib. İddia olunur ki, onun Gəncə hadisələri (sabiq icra hakimiyyəti başçısı Elmar Vəliyevin davranışı və s.) haqda yazıları bir neçə vətəndaşda narahatlıq yaradıb və onlar jurnalistin cəzalandırılması üçün prokurorluğa şikayət edib. A.Məmmədov özünü təqsirli bilmir və jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Fotoları təqdim edirik
Tarix: 17 Yanvar 2020, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin