Rusiya öz qoşununu töküb Ukrayna sərhədinə. Ukraynalılar gərginlik, səksəkə içindədilər. Ekspertlər Rusiyanın bir neçə aya Ukraynaya girəcəyini istisna etmirlər. ABŞ prezidenti Bayden Rusiyaya sual verir: Siz Ukrayna sərhədində nə gəzirsiz? Sergey Lavrov istehzayla cavab verir: Biz burada yaşayırıq, bəs sizin nə işiniz var?
Rusiya TV-ləri Ukraynanı yıxıb sürüyür. Eyni istehzanı, davranışı bizə də sərgiləyirdilər. Gizlətmirdilər ki, siz bizlə buynuzlaşırsız, ermənilərlə yox.
Bu duruma maksimum təmkin göstərmək çox çətindi. Ukrayna bunu bizim qədər bacarmır.
Ukraynada fikirlər də haçalanır. Savaş istəməyənlərin sayı hədsiz çoxdu. Prezident Zelenski çıxışında ABŞ və Avropaya taktik bir mesaj yolladı: Bizə sözlər yox, real dəstək lazımdır.
Bəlkə də yanılıram, ancaq belə bir təəssürat yaranır ki, xalq Zelenskini elə də dəstəkləmir və o, bu yükün altında təkdi.
Yəqin ki, Qərb Rusiya ilə anlaşacaq. Hər halda Ukraynaya dəstək verməsə bütün Qərb xarizması alt-üst olar.
Məsələ bu deyil. Ukrayna bütünlükdə bu təhlükə qarşısında kimsəsiz görünür. Onun Türkiyəsi yoxdur. Savaşda isə kimin qalib olacağı öncədən bilinmir.
Amansız görünən bu situasiyaya kənardan baxıb özümüzü düşündüm. Bir neçə ay öncə eyni durumda idik. Uduzmaq ehtimalımız da vardı, hər şey ola bilərdi, parçalana bilərdik, ortalıq qarışardı. Çox ciddi məsuliyyətin altına girmişdik.