Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Sədaqət xanım, bir illik pandemiya dönəmində komitə tərəfindən hansı işlər həyata keçirilib? Əvvəlcə bu barədə məlumat verməyinizi istərdim.
- Pandemiya dönəmində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailələrdə baş verən zorakılıq halları, qadınların hüquqlarının necə qorunması diqqətdə saxlanıldı, bir sıra tədqiqatlar aparıldı. Qadınların hüquqlarının pozulması, zorakılıq, cinayətlər, intihar hallarının kəskinləşməsinin səbəbləri araşdırıldı. Tədqiqatlarla yanaşı, insanlara bilavasitə kömək etmək də əsas işlərdən oldu. Həssas və çətin durumda olan ailələrə yardım etmək üçün könüllü ailələri yaradıldı. İqtisadi, mənəvi-psixoloji cəhətdən yardımlar edildi, onlayn psixoloji köməklik göstərildi.
İqtisadi cəhətdən pandemiyanın ailələrə böyük təsiri oldu. Xırda bizneslə məşğul olanlar fəaliyyətlərini dayandırdı və bu da ailədə çətinliklərə gətirib çıxardı. Sərt karantin dövrlərində ailə üzvlərinin hamısı bir yerdə olanda problemlər ortaya çıxdı. Biri var ki, evdə hər kəs çalışır, müəyyən vaxtlarda gəlir və ailə axşam evdə cəm olur. Bu zaman evdə elə də gərginlik yaranmır. Lakin bir neçə sutka ərzində evdə olmaq insanların psixologiyasına təsir edir, onları gərgin vəziyyətə salır. Ən gərgin vəziyyətdə olan isə qadınlardır, çünki evi idarə edirlər.
- Bəs bu dövrdə ailə münasibətlərinin möhkəmləndirilməsi, zorakılıq hallarının azaldılması istiqamətində hansı addımlar atılıb?
- Öncə müəyyən təhlillər aparılıb. Gender münasibətlərinin vəziyyəti, qadın məşğulluğu, ailə münasibətləri, məşiət zorakılığı və digər məsələlərlə bağlı təhlilər aparılıb. Qadınların məşğulluğu ilə bağlı Milli Fəaliyyət Planının hazırlanması istiqamətində yeni layihəyə start verdik. Milli Fəaliyyət Planında ən vacib məsələlərdən biri də haqqı ödənilməyən qadınların əməkləridir. Onlar bütün sutka ərzində evdə olur, uşağa baxır, ev təsərrüfatı, mətbəx işləri ilə məşğul olur, amma işsiz kimi qeydə alınır və haqları ödənilmir. Bu, aktual mövzudur və pandemiya dövründə aparılan təhlillər göstərdi ki, qadınların yükü bir az da artıb. Bununla bağlı beynəlxalq təcrübəni öyrənərək, ekspertləri cəlb edərək qadın məşğulluğunun inkişafı ilə bağlı Milli Fəaliyyət Planı hazırlayırıq.
Pandemiyanın çətin tərəfləri olduğu kimi insanlara bir çox şeyləri - birgə yaşamağı, çətin situasiyada necə kömək etməyi öyrətdi. Azərbaycan xalqı bu sınaqdan müvəffəqiyyətlə çıxdı. Pandemiya insanlara belə şəraitdə işləməyi öyrətdi. Adətən bir tədbiri keçirmək üçün regiona gedir, insanları toplayır, onlarla maarifləndirmə işi aparırdıq, hansısa məsələni müzakirə edirdik. Amma onlayn görüşlər vasitəsilə daha çox insanları cəlb etdik və apardığımız maariflənmənin yaxşı effekti olduğunu müəyyən etdik. Hər bir rayonda bələdiyyələri cəlb etməklə maraqlı layihələr həyata keçirdik. Gender bərabərliyinin təmin edilməsi, cəmiyyətdə baş verən məişət zorakılığı, intihar halları, müəyyən cinayətlər, narkomaniyanın qarşısının alınması ilə bağlı maarifləndirici onlayn görüşlər, təlimlər keçirdik. Gender bərabərliyi ilə müvafiq qurumlar məşğul olmaqla yanaşı, bələdiyyələrin bu məsələni diqqətdə saxlaması daha vacibdir.
Bələdiyyələr kommunal-tikinti məsələlər ilə yanaşı, sosial məsələlərlə də məşğul olmalıdır. Ailələrin problemlərinin nədən ibarət olduğunu öyrənməli və dəstək verməlidir. Bu proses gedir. Kəndlərdə bələdiyyələrin nəzdində komissiyalar yaradılır və düşünürəm ki, gələcəkdə onlarla yaxşı iş görəcəyik.
Bu il bir tvinninq layihəsi həyata keçiririk. Layihə Litva və Avstriya ölkələrinin təcrübəsini öyrənməklə, Avropa ittifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu istiqamətdə ekspertlər işləyir, təhlillər aparılır. Məişət zorakılığı hallarının qarşısının alınması üçün hansı tədbirlərin görülməsi bir daha təhlil olunur. Bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının məsul şəxsləri treyner kimi hazırlanır ki, sonradan bu işi davam etsinlər.
- Milli Fəaliyyəti Planında qadınların məşğulluğuna dair hansı işlər həyata keçiriləcək?
- Milli Fəaliyyəti Planın adı qadın məşğulluğudur. Bu gün qadınlar həm dövlət qurumlarında, həm özəl sektorda işləyir və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qadınlarımızın bir hissəsi isə evdar qadın kimi ailə təsərrüfatlarını idarə edir. Fəaliyyət Planında bu sahədə işləyən qadınların hansı problemlərinin olması, qadının işləməsinə mane olan səbəblər göstərilir. Burada sosial məsələlər ortaya qoyulur. Məsələn, bir qadın işləmək istəyir, bunun üçün onun ali təhsili və digər göstəriciləri var, amma işləyə bilmir. Çünki evdə uşaqları, yaşlı ailə üzvləri var, onları kiməsə həvalə edə bilmir.
Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə yeni inşa olunan binaların birinci mərtəbəsində bağçaların olması nəzərdə tutulur. Çünki həmin binada yaşayan insanlar bilsinlər ki, uşaqlarını hara qoya bilərlər. Milli Fəaliyyət Planında günərzi mərkəzlər, uşaq bağçalarının olması, sosial koorporativ layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Tutaq ki, qadın hansısa şirkətdə çalışır və bu şirkət öz işçisinin sosial problemləri ilə maraqlanmalıdır. Sovet dönəmində böyük müəssisələr işçiləri üçün bağça da inşa edirdilər, onların sosial problemlərini həll etmək üçün qərarlar, sərəncamlar verirdi. Bu gün Azərbaycanda tanınmış, böyük şirkətlər var və orada qadınlar çalışır. Lakin həmin qadınların problemlərinin nədən ibarət olduğunu şirkət rəhbərləri bilmirlər. Hər bir şirkət ekoloji, sosial layihələrə qol qoymalıdır. Məhsul istehsalı ilə yanaşı, bu məsələlər də onları maraqlandırmalıdır. Problemlərin hamısını dövlətin üzərində qoymaz olmaz. Özəl sektor öz işçiləri ilə maraqlanmalıdır. Milli Fəaliyyət Planında bu məsələlər öz əksini tapıb.
Dövlət müəssisələrində bir qayda olaraq işçinin işə gəlmə və getmə vaxtı var. 8 saatlıq iş rejimi olur, işçi bayram günlərindən, analıq məzuniyyətindən istifadə edir, həmkarlar təşkilatının üzvü olaraq qayğılardan bəhrələnir. Amma özəl sektorda bunlar yoxdur. Özəl sektorda bəzi şirkətlər, təşkilatlar bütün işçiləri, o cümlədən qadınları çalışdırır. Onlar bayram günlərində öz haqlarından istifadə edə bilmirlər. Qurban bayramında bir ticarət məkanına girdim, orada çalışan satıcı qızlar məni tanıyıb yaxınlaşdılar. Dedilər ki, rəhbərlik onları bayrama buraxmır və işləyəcəklər. Həmin məkanın rəhbərliyi ilə danışdım və iradımı bildirdim ki, əgər dövlət belə sərəncam verirsə, buna qeyri-dövlət müəssisələri də riayət etməlidir və işçilərini bayram keçirmək üçün buraxmalıdır. Özəl sektorda belə problemlər var. Əgər kimsə özəl sahədə işləmək istəyirsə və uşağını bağçaya qoya bilmirsə, şirkət onunla maraqlanmalıdır. İşçiləri üçün bağça inşa etməlidir.
Məsələn, Bakı Mühəndislik Universitetində işləyən analar üçün uşaq qayğı otağı yaradılıb. Müəllimə dərs deməyə gələndə uşağı həmin mərkəzə verib, dərsini keçir, gedəndə isə özü ilə aparırdı. Univeristet bunu düşünüb, qadınlara belə qayğı göstərirdi. Qadınların işləməsinə, daha yüksək vəzifəyə qalxmasına maneəçilik törədən problemlər, sosial məsələlər həll olunmalıdır. Yeni hazırlanacaq Milli Fəaliyyət Planında bu məsələlər nəzərə alınıb. Bütün dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrup yaradılıb, onların fikir və təkliflərini öyrənərək birlikdə sənədi hazırlayacayıq.
- Ötən ilin statistikasına əsasən Azərbaycanda məişət zorakılığı zəminində öldürülən şəxslərin, o cümlədən qadınların sayı artıb. Bununla bağlı Komitə tərəfindən araşdırma aparılıbmı? Cinayət halları əsasən hansı zəmində baş verir? Pandemiya şəraitinin belə halların çoxalmasına təsiri var?
- 2010-cu ildə “Məişət zorakılığı haqqında” Qanun qəbul edildikdən sonra biz insanların qarşısında hansı mövzu ilə çıxış edəcəyimiz barədə düşünürdük, sonda mədəniyyət üzərində durduq. Niyə insanlar bir-biriləri ilə yola getmir və bir-birilərinə qarşı zorakılıq törədirlər? Məişət zorakılığına qadınlarla yanaşı, kişilər, ahıl şəxslər, uşaqlar, əlil insanlar məruz qalır. Lakin daha çox qadınlara qarşı zorakılıq törədilir. Biz bu qanunu qəbul edəndə iki il layihə ilə bağlı görüşmədiyimiz təbəqə yox idi. Layihə Milli Məclisə gedirdi və Milli Məclisin özündə ikili fikirlər olurdu. Məsələni qoyurdular ki, “məişət zorakılğı qanunu bizim nəyimizə lazımdır? Cəmiyyətimizdə qadına hörmət var. Dinimizdə, cəmiyyətimizdə, milli dəyərlərimizdə qadın deyəndə yüksək düşüncələrə qapılırıq”. Bu, doğurdan belədir. Milli-mənəvi dəyərlərimizdə qadın müqəddəsdir, qadına hörmət var. Bir məclisə qadın gələndə ona hörmət, ehtiram var. Lakin bu aqil cəmiyyətdə belədir. Cəmiyyətin cahil hissəsi də var. Cahil cəmiyyətdə kölə düşüncəli insanlar var və düşünürlər ki, ailə qurduğu qadın kölədir. “Ömür-gün yoldaşı”, “həyat yoldaşı” kimi yüksək təqdimat heç bir xalqlarda istifadə edilmir.
Kişi hesab edir ki, qadın onun əmlakıdır və istədiyi kimi rəftar edə bilər. Onun işləyib-işləməməsinə, harasa getməsinə və hər atdığı addımına qərar verə bilər. Qadının seçimi yoxdur. Belə cahil düşüncələr sonda zorakılığa gətirib çıxarır. Bəzən biz bunları elə aqil cəmiyyətdə də görürük. Ailə qurmaq, övladlarını evləndirmək hansı prinsiplərlə edilir? Bu gün qurulan ailələrin kökündə sevgi var, yoxsa hansısa razılaşma? Bu gün dost, tanış ailələri övladlarına ər və ya arvadı özləri seçir. Övlad da ata-ananın sözünə qulaq asıb addımı atır. Amma sonradan görürlər ki, bunlar fərqli dünyagörüşünə malik insanlardır. Bir müddət valideylərinə görə birlikdə yaşayır və zamanla münasibət korlanır.
Erkən yaşda qızları ərə verirlər. Düşünürlər ki, bu gün elçisi gəlib və qızını ərə verməsə, onun üstündə yük kimi qalacaq. O insan fikirləşmir ki, qızını 15-17 yaşda ərə verməkdənsə, ona sənəd versin. Sabah onun ailəsində nəsə baş verəndə ayaq üstə dura bilsin, özünü qorusun, işləyə bilsin. Bu barədə düşünən yoxdur. Bünövrə buradan, ailənin qurulmasından başlanılır. Erkən nikahların sonu yoxdur. Əgər haradasa, kimlərsə buna dözür və evliliyi başa gətirirlərsə, bu, ancaq qadının dözümlülüyü hesabına olur. Lakin sual olunur ki, buna dəyərmi?
Üçüncü faktor cəmiyyətdə baş verən narkomaniyadır. Təəssüflər olsun ki, narkomaniyanın yaşı cavanlaşıb. Bu gün ailə quran gənc insanlar evlənəndə bilmir ki, qarşısındakı şəxs narkomandır, ya yox. Evlənən cütlüklərin tibbi müayinədən keçməsi ilə genetik xəstəliklərin aşkarlanması və azalması nailiyyəti əldə olunub. Bu siyahıya narkomaniya da aid olunsa, yaxşı olar. Ailə qurulduqdan sonra şəxsin narkotik istifadəçisi olduğu müəyyən edilir və boşanma olur. İnsanlar bütün günü idarələrdə işləyir, axşam evə gələndə narkotik istifadə edir, ailəsinə zülm verir.
Məişət zorakılığının ən qəddar kluminasiya nöqtəsi ölümdür. Kişi qadını və ya qadın kişini qətlə yetirir. Məişət zorakılığı deyəndə ilk fiziki zorakılıq başa düşür. Ona qədər gedən proses mənəvi-psixoloji prosesdir. Nəyəsə qoyulan qadağalar zaman-zaman yığılır və insanın qəlbində, şüurunda, düşüncəsində kinə çevrilir və sonda ölümlə nəticələnir.