YAP Ağsaqqallar Şurasının üzvü, keçmiş deputat, yazıçı, 76 yaşlı Hüseynbala Mirələmovun əxlaqsız görüntülərinin sosial şəbəklərdə yayılması böyük rezonans doğurub. O, dərhal kafedra müdiri olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) uzaqlaşdırılıb, dünən isə hakim partiyadakı vəzifələrindən və üzvlükdən xaric edilib. Mirələmovun kəskin qınaq hədəfinə çevrilməsi onu köməksiz vəziyyətdə qoyub.
Maraqlıdır, keçmiş deputatın əxlaqsız hərəkətlərini nümayiş etdirən görüntülər sosial şəbəkələrə necə sızıb? Onun cəmiyyət qarşısında rüsvay olmasında və linc edilməsində kimlər maraqlı olub?
ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov mətbuata açıqlamasında bildirib ki, sözügedən görüntülər universitet daxilində deyil, kənar ofisdə çəkilib: "Bildiyimiz kimi, Hüseynbala müəllimin tək Azərbaycan Neft və Sənaye Universitetində deyil, digər yerlərdə də vəzifələri var idi. Həmin hadisə universitet daxilində baş verməyib. Digər iş yerlərinin birində baş verib. Hüseynbala müəllim bizdə kafedra müdiri idi, hazırda işindən azad olunub. Qeyd edim ki, videogörüntüdə yer alan qız da bizim universitetin işçi heyətindən deyil".
Apardığımız araşdırma zamanı məlum oldu ki, Mirələmovun qeyri-etik görüntüləri ADNSU-da çəkilməsə də, universitetin bu il yanvarın 27-də keçirilmiş Elmi Şurasının iclasında qeydə alınıb.
Həmin toplantıya H.Mirələmov və Şuranın başqa üzvləri fərqli yerlərdən, ofislərdən onlayn formada qatılıblar. ADNSU-nun saytında yerləşdirilən foto keçmiş deputatın internetdə yayılan kadrları ilə uyğunluq təşkil edir. Mirələmovun geyimi, onlayn iclasın iştirakçıları, onların dayandığı yerlərin arxa fonları eynidir.
Bəhruz Nəzərov "AzPolitika.info"-ya bu məlumatı təsdiqləyib.
Yanvarın 27-də keçirilən iclasda ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə koronavirus pandemiyası ilə bağlı son vəziyyət, eyni zamanda, ölkədə COVİD-19 pandemiyasının statistikası barədə danışıb.