Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, aprel ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Aşağı Yağlıvənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd edərkən 1 nəfər Azərbaycan vətəndaşı 1981-ci il təvəllüdlü Abdurəhmanov Azər Fərrux oğlu sərhəd pozucusu qismində saxlanılıb.
Araşdırma zamanı A. Abdurəhmanovun əvvəllər dəfələrlə məhkum edildiyi, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitələr gətirmək məqsədilə ilə dövlət sərhədini keçmək niyyətində olduğu müəyyənləşdirilib.