Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə aparılan genişmiqyaslı vaksinasiya prosesinə qarşı yönəlmiş qanunsuz əməllərə qarşı prokurorluq orqanları tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya və sosial media səhifələrində tibb bacısının aparılan vaksinasiya prosesi zamanı vətəndaşa peyvəndi vurma görüntüsü yaratması, əslində isə peyvəndi vurmayaraq israf etməsi ilə bağlı videogörüntülər yayılıb.
Qeyd edilən faktla bağlı İcbari Tibbi Siğortadan daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində aparılmış araşdırma zamanı 21.04.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən 26 nömrəli orta məktəbdə COVİD-19 pandemiyası əleyhinə vaksinasiya prosesi həyata keçirilərkən, 4 nömrəli Bakı Şəhər Xəstəxanasının Xəzər rayon dairəsinin tibb bacıları Kərimova Təbəssüm Hümmət qızı və Məmmədyarova Südabə Əhmədşah qızı tərəfindən qanun pozuntusuna yol verilməsi müəyyən edilib.