Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyəti Ermənistanın mina xəritələri ilə bağlı yolverilməz davranışına etiraz əlaməti olaraq bu ölkədəki beynəlxalq təşkilatlara və ABŞ-ın Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məktubda deyilir: Bu məktub Nyu-York Azərbaycan Birliyi və ABŞ-dakı digər yeddi cəmiyyətin adından, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən yerləşdirilmiş minalar və digər partlayıcı qurğularla kütləvi çirklənməsindən doğan ciddi təhlükəyə diqqətinizi cəlb etmək üçün yazılır. Ermənistanın minalanmış ərazilərlə bağlı məlumat verməkdən imtina etməsi, bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə əngəl yaradır. Bu gün mülki vətəndaşlar və hərbi qulluqçular Ermənistan tərəfindən Azərbaycan ərazilərinə basdırılmış minalar səbəbindən həyat və sağlamlıqlarını itirirlər.