Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Deputat: “Amerikanın qazandığı 10 milyonluq erməni toplumunun rəğbətidirsə, itirdiyi milyardlarla insanın yaşadığı böyük bir arealdır”

1 599
Paylaş:
Deputat: “Amerikanın qazandığı 10 milyonluq erməni toplumunun rəğbətidirsə, itirdiyi milyardlarla insanın yaşadığı böyük bir arealdır”

“Amerika tarixdə ən böyük səhvini buraxdı. Kiçik, çığırqan, təxribatçı diasporun maraqlarına görə dövlətin maraqlarını qurban vermək dövlətçiliyə yaraşan məsələ deyil. Tarixçilərin məsələsini siyasi rəhbərlik heç vaxt üzərinə götürməli deyil. Aydındır ki, Ermənistan və erməni diaspor dairələri 1915-ci il hadisələrinin obyektiv araşdırılmasının əleyhinədirlər, birgə tarixçi qruplarının yaradılmasına yol vermirlər. Siyasi rəhbər atdığı bu və ya digər addımın digər dövlətlərlə münasibətdə hansı reaksiyanı yaradacağının fərqinə varmalıdır. Təəssüflər olsun ki, Amerika prezident Co Bayden bunu etmədi”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə qeyd edib ki, Türkiyə kimi çox nüfuzlu ölkəyə qarşı belə demarş yolverilməzdir: “Bu, təkcə Türkiyə ilə münasibətlərin korlanması deyil, Türk dünyası ilə münasibətlərin gərginləşməsidir, o cümlədən Amerikanın milli maraqlarının dünyanın əhəmiyyətli bir hissəsində qorunmasını sual altında qoyur. Qazandığı 10 milyonluq erməni toplumunun rəğbətidirsə, itirdiyi milyardlarla insanın yaşadığı və fəaliyyət göstərdiyi böyük bir arealdır. Hesab edirəm ki, sonrakı Amerika rəhbərləri dəfələrlə bu səhv addımı düzəltmək üçün cəhdlər edəcəklər, situasiyanı normal vəziyyətə gətirmək üçün addımlar atacaqlar. Ermənilərin uydurmasına siyasi dəstək verilməsi digər siyasi pravokatorların da fəaliyyətinə “yaşıl işıq” yandırır, həvəsləndirir. Co Baydenin aprelin 24-dəki bəyanatı nə Amerikanın maraqlarına, nə də dünyanın bugünkü gedişatına cavab verir. Türkiyənin, dostlarının buna mənfi reaksiyası tamamilə gözləniləndir. Bu məsələdə Azərbaycan Türkiyənin yanındadır. Erməni təxribatından əziyyət çəkən dövlətlərdən biri də Azərbaycandır. Ermənistan Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsini 30 il ərzində işğal altında saxladı. Ermənistan Azərbaycanda XX əsrin ən böyük faciələrindən biri olan Xocalı faciəsini törədib, işğal etdikləri əraziləri tamamilə dağıdıblar. Soyqırım budur. Xocalı faicəsidir soyqırım. Azərbaycan ərazilərinin dağıdılmasıdır soyqırım. Bu gün də Ermənistanda revanşist qüvvələr var. Dünya erməni diaspor dairələrində Azərbaycanın, Türkiyənin, bütövlükdə Türk dünyasının uğurlarına sevinməyən, problem yaratmaq istəyən qüvvələr mövcuddur. Co Baydenin uydurma erməni “soyqırım”ına dair qeyri-obyektiv bəyanatına görə təəssüflənirik. Hesab edirik ki, Amerikanın demokratik, dövlətçi qüvvələri bunun hansı nəticələrə səbəb olacağını ciddi şəkildə düşünməlidirlər”.

Deputat xatırladıb ki, Co Baydenin bəyanatından sonra Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ilk zəng edən Azərbaycan Prezidenti İlham Əliyev olub: “Telefon danışığı əsnasında dövlət başçıları ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadılar. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırdı. Dövlət başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğuladı. Prezident Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd etdi. Şübhəsiz ki, Azərbaycan nə edəcəksə, Türkiyə ilə məsləhətləşəcək. İki qardaş ölkə birgə fəaliyyət ortaya qoyacaq, bu fəaliyyət beynəlxalq hüquq normalarına zidd olmayacaq, münasibətlərin gərginləşməsinə gətirib çıxarmayacaq. Bu çətin gündə, Türkiyəyə qarşı səlib yürüşündə Azərbaycan qardaş ölkəni tək qoymayacaq”.

Kənan Mirzəyev

Paylaş:

Ən son xəbərlər