24 aprel 2021-ci il tarixində özünü demokratiya və insan haqları kimi üstün prinsiplərin beşiyi sayan ABŞ-ın Prezident Baydenin timsalında nə qədər ədalətsiz və məsuliyyətsiz addım atdığının bir daha şahidi olduq.
Vurğulamaq lazımdır ki, ABŞ son bir neçə onilliklər ərzində hər il 24 aprel ərəfəsində Türkiyəyə psixoloji təzyiq metodlarından istifadə edib, okeanın o tayında oturan prezidentlərin bu hadisələri necə adlandıracağı maraqla izlənilib. 1978-ci ildə ilk dəfə sabiq ABŞ Prezidenti Cimmi Karter 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələrlə bağlı çıxış edib. Ronald Reyqan isə Holokosta həsr olunmuş çıxışlarının birində “erməni soyqırımı” ifadəsini işlətmişdi.
Ənənəvi olaraq, Baydendən əvvəl ABŞ prezidentləri 24 aprel 1915-ci il hadisələri üçün "böyük fəlakət" və ya "tarixin qaranlıq dövrü" kimi ifadələr işlədiblər.
Bill Klintonun prezidentliyi dövründən isə bu, hər il aprelin 24-də təkrarlanan “ənənəyə” çevrilib. Obama dövründə də hər il erməni diasporu onun həmin hadisələrə soyqırım deməsi üçün dəridən qabıqdan çıxıb. 2009-cu il aprelin 24-də ABŞ Prezidenti Obama “erməni soyqırımı” ifadəsini işlətməsə də, “erməni faciəsi” söyləyib. Baydenin Obama hakimiyyəti dövründə vitse-prezident olduğuna və ənənəvi olaraq demokratlarla erməni lobbisi arasında yaxın təmasların mövcudluğunu nəzərə alsaq, bu ilin apreli ərəfəsində erməni diasporunun ABŞ Prezidentinə böyük ümidlər bəslədiyi təsadüfi sayıla bilinməzdi. Hadisələr göstərdi ki, Baydenin bu il 1915 hadisələrini soyqırım adlandıracağı artıq fevral ayından bəlli idi. Deməli, Türkiyəyə qarşı ədalətsiz mövqenin sərgilənməsi aylar əvvəl planlaşdırılmışdı.
Görünən odur ki, son zamanlar Türkiyənin Avrasiyada artan rolu okeanın o tayında əyləşən bir çoxlarının qorxulu kabusuna çevrilib. Baydenin soyqırım ifadəsindən istifadə etməsi Türkiyəyə qarşı uğursuz təzyiq cəhdidir. Bu gün Türkiyə bir çoxlarının təsəvvür etməyəcəyi qədər güclənib, inkişaf edib. Ərdoğanın başçılığı ilə Türkiyənin ABŞ-dakı dərin dövlətin Yaxın Şərqlə bağlı 2050 strategiyasına zərbə vurması, Ankaranın Şimali və Mərkəzi Afrikadan tutmuş Suriya, İraq, Azərbaycan, Mərkəzi Asiyada artan gücü Vaşinqtonu narahat etməyə bilməzdi. Bir zamanlar həm daxili siyasətdə, həm də hərbi, siyasi, iqtisadi baxımdan ABŞ başda olmaqla Qərbdən asılı olan Türkiyə məhz R.T. Ərdoğanın başçılığı ilə yeni siyasi xətt götürərək regional güc olmağı bacarıb.
Hazırda Pekin-Moskva-Ankara yaxınlaşması, Avrasiya qitəsinin orta xətt nəqliyyat qovşağının bu dövlətlərin idarəçiliyi altına keçidinə startın verilməsi mütləq şəkildə hər üç dövlətlə bağlı Vaşinqtondakı strateqlərin ölçü götürməsini zəruri edirdi. 2020-ci ildə Qafqazdakı hadisələr zamanı məhz öz günahları ucbatından kənarda qalan Vaşinqton indi regiondakı proseslərə qıcıqla yanaşır və Zəngəzur dəhlizinin, bir müddət sonra isə İstanbul kanalı vasitəsilə ilə reallaşdırılması planlaşdırılan Orta xətt ticarət yolunun Çin, Rusiya və Türkiyənin himayəsi ilə reallaşmasında maraqlı görünmür. Məhz 44 günlük müharibədən sonra Zəngəzur koridorunun aktuallaşdığı və Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalının yüksək olduğu bir dövrdə 1915-ci il hadisələrini soyqırım adlandıran Vaşinqton Ermənistanı nəyin bahasına olursa olsun, Rusiyadan və Türkiyədən uzaqlaşdırmağı qarşısına məqsəd qoyub. Xülasə, Baydenin dünənki açıqlaması, həm də Cənubi Qafqazdan nəqliyyat dəhlizləri və sərhədlərin açılması kimi layihələrə ciddi zərbədir. Bu qərarın Türkiyə-Ermənistan münasibətlərinə də ağır zərbə vuracağı şübhə doğurmur. 44 günlük müharibədən sonra regionda yeni reallıq yaranıb, bu reallıq Türkiyə ilə Ermənistan arasında münasibətlərin də yeni müstəviyə keçidini zəruri edir. Baydenin bu bəyanatı, eləcə də buna bənzər digər addımlar isə Türkiyə və Ermənistan arasında gözlənilən normallaşma mərhələsinə, əlaqələrin qurulması, sərhədlərin açılması, bununla da, Ermənistanın blokadadan çıxması ilə nəticələnəcək prosesə əngəllər yaradır. Başqa sözlə, Bayden bunun Ermənistanın özünü çətin duruma salmış oldu.
Digər tərəfdən, Baydenin 1915 hadisələrinə məhz Nikol Paşinyanın hakimiyyətdə olduğu zaman soyqırım adlandırması Ermənistanın baş naziri üçün seçkiqabağı bir hədiyyədir. Təsadüfi deyil ki, hazırda Ermənistan müxalifəti ABŞ prezidentinin 24 aprel bəyanatını bu ölkədə seçkilərin nəticələrinə təsir edəcək davranış kimi qələmə verirlər.
Hər halda Baydenin bu hadisələrə soyqırım adını verməsi birmənalı olaraq ABŞ-ın dünyadakı nüfuzuna zərbə vurur və Vaşinqtonun beynəlxalq tarixçilərin və hüquqşünasların inkar etdiyi hadisələrə ədalətsiz qiymət verməsini sübuta yetirir. Unutmaq lazım deyil ki, indiyə qədər hüquqşünaslar və tarixçilər tərəfindən 1915 hadisələri soyqırım kimi tanınmayıb və həmin hadisələrin soyqırım adlandırılması ilə bağlı heç bir dəlil və sübutun olmaması bəyan edilib. Ən son Avropa Məhkəməsi "erməni soyqırımı"nı tarixi fakt kimi tanımayıb və ermənilərin özlərini insan haqlarını pozmağa çağırışda günahlandırıb.