Bu gün sabiq deputat, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovun anım günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.
Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1992-ci ildə oranı bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub. ardıcıl 3 çağırış milli məclisə deputat seçilib.
Anar qısa ömrü ərzində kitablara, verilişlərə sığmayacaq qədər uğurlara nail olub. Onun bütün nailiyyətlərini isə bir ad altında toplaya bilərik – Azərbaycan. O, bütün uğurlarına, hazırcavablılığına, analitik düşüncəsinə görə özünü kitablara borclu sayırdı.
***
Anar Məmmədxanov Azərbaycanın ilk gənc millət vəkili olub.
***
Anar ictimai həyata olduğu kimi ailə həyatında da erkən yaşdan atılıb. 1987-ci ildə bir rəfiqəsinin səbəb olduğu görüşdə həyat yoldaşı İradə Məmmədxanlı ilə görüşür. Bu zaman Anarın 17 yaşı var idi. Gördüyü qıza aşiq olur və 3 aydan sora qıza sevgisini bildirir. Qarşılıq görən Anar elə həmin yaşda da evlənməyə can atır. Ancaq Anarın atası və yaxınları onu bir neçə il evlənməyə qoymurlar. Sonra qızın nənəsi Mədinə xanımın təklifi ilə cütlük Anarın 23 yaşı tamam olduqda evlənirlər...
Anar Məmmədxanov Ermənilərin at oynatdığı Rusiyanın KVN səhnəsində onların kürəyini yerə vurur. Özünün yaratdığı komanda ilə qalib olur. Təbii ki, ən uğurlu gününün həmin gün olduğunu düşünür. Ən xoşbəxt gününü isə ömür vəfa etsəydi 2020-ci ilin 8 noyabrında görəcəkdi. Müsahibələrinin birində deyirdi ki, ən böyük arzum Şuşaya bayraq sancım.
***
Anar Məmmədxanov həm də media kapitanı idi. Bu gün bir çoxlarının qurmaqda çətinlik çəkdiyi bitərəf media orqanı yaratmışdı. Həm müxalifət, həm iqtidar, həm də xalqa bu media orqanında eyni tribuna verilirdi. O, hətta bəzi sosial və siyasi çətinliklərlə qarşılaşan vətəndaşların problemləri ilə şəxsən maraqlanır, həmin problem həll olunana qədər prinsipiallıq göstərirdi. Media orqanını yaratmaqda ən ümdə məqsədi isə düşməni informasiya müharibəsində məğlub etmək idi.
Anar Məmmədxanov bir müddət gözə dəymir. Nə siyasi, nə ictimai arenada öncəki qədər diqqət çəkmir. Bu görünməzliyi bacısı onun onlayn fəaliyyətlə məşğul olmaqla əlaqələndirir.
“O həmin müddət ərzində yeni yaratdığı saytda mütəmadi olaraq geopolitik, siyasi, mədəniyyət, idman və s. sahələrdə məqalələr yazırdı. Əslində aktiv idi, sadəcə aktivliyi artıq virtual arenaya keçmişdi”.