Asiya-Sakit Okean regionu (ASOR) ölkələri Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) illik iclasında koronavirus pandemiyasından sonra daha effektiv bərpa üçün çoxtərəfliliyin, inkişafın beynəlxalq koordinasiyasının və subregional təşkilatlarla əməkdaşlığın gücləndirilməsinə dair çağırış ediblər.
Bu barədə təşkilatın 77-ci sessiyası çərçivəsində bildirilib.
ESCAP-ın icraçı katibi Armida Salsia Aliscabana çıxışı zamanı qeyd edib ki, qarşıya Asiya və Sakit okean regionunda davamlı inkişaf məqsədlərinə nail olmaq tapşırığı qoyulub. Onun sözlərinə görə, səhiyyə sahəsindəki böhran, eləcə də son bir ildə onun təsirlərinin yumşaldılması istiqamətindəki tədbirlər ASOR ölkələrinə iqtisadi və sosial baxımdan güclü təsir edib. İcraçı katib həmçinin bölgədə peyvəndlərin davamlı tətbiq olunmasının ümid yaratdığını hesab edir.
“Başqaları hələ də pandemiya ilə mübarizə apararkən heç bir ölkə tam təhlükəsiz olmayacaq. Vaksinlərin baha olmamasını və hər kəs üçün əlçatan olmasını təmin etməliyik”, - Armida Salsia Aliscabana vurğulayıb.
O bildirib ki, ESCAP sosial müdafiə sistemlərinin gücləndirilməsindən və davamlı maliyyələşmənin genişləndirilməsindən yana çıxış edərək eyni zamanda rəqəmsal ticarəti təşviq edərək və daha təmiz, daha yaşıl həllərə sərmayə yatıraraq üzvlərinin pandemiya sonrası mövqelərini gücləndirmələrinə kömək etmək üçün addımlar atır.