Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin imzaladığı Balaxanıda tullantı emalı və xidmət müəssisələrinin yaradılması barədə sərəncamının icrası ilə bağlı sərəncam imzalayıb.
Pravda.az xəbər verir ki, sənədə əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Prezidentin Sərəncamına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidirlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.