Kanadalı Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) üzvləri Kanadanın xarici işlər naziri Mark Qarno ilə görüşüblər.
Görüş KAŞ-ın təşəbbüsü ilə baş tutub və videokonfrans formatında keçirilib.
Görüş zamanı nazir Qarnoya ötən ilin sentyabr-noyabr aylarında baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyün bərpa etməsi və hərbi əməliyyatların dayandırılmasından sonrakı vəziyyətlə əlaqədar məlumat verilib. Qeyd edilib ki, 30 ilə yaxın davam edən işğal müddətində Azərbaycanın bir çox şəhər və kəndləri, o ərazilərdə yaşamış əhalinin əmlakı Ermənistan tərəfindən talan edilib və dağıdılıb. Bu ərazilərdən məcburi surətdə köçürülmüş 800 000-dək azərbaycanlı hazırda geriyə qayıtmaq niyyətindədir və Azərbaycan bu istiqamətdə lazımi hazırlıq işlərini görməkdədir.
Lakin Ermənistan ordusu tərəfindən vaxtilə basdırılmış minalar mülki əhalinin geriyə qayıtmasını çətinləşdirir. Ötən müddət ərzində 20-dən artıq şəxs mina partlayışından həyatlarını itirib, 80-ə yaxın şəxs yaralanıb. Ermənistan tərəfi isə minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. Qeyd edilənləri nəzərə alaraq, Kanada hökuməti minaların təmizlənməsi işində Azərbaycana dəstək olmalı və Ermənistandan minalanmış ərazilərin xəritələrini verməyi tələb etməlidir.