Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin üzərinə qoyulmuş ödəniş öhdəliyində məbləğ 85 min manatdan 91 min manata qalxıb. Bu barədə AzadlıqRadiosuna Hacıbəyli özü məlumat verərək bildirib ki, ondan Ədliyyə Nazirliyinə əlavə 7 faizlik ödəniş tələb olunur: "Aprelin 27-də Nəsimi rayon İcra və Probasiya Şöbəsində mənə 7 faizlik əlavə ödənişi dedilər. Amma mənə heç bir rəsmi sənəd göstərmədilər”.
Hacıbəyliyə qarşı 85 min manatlıq ödəniş qərarı keçmiş qayınanası Nəhayət Məmmədovanın iddiası əsasında çıxarılıb. Məmmədova iddia edir ki, 2003-cü ildə gəlini evinin təmiri üçün ondan 50 min dollar borc alıb və qaytarmayıb. Sabiq deputat isə bu iddianın yalan olduğunu, onun evini əlindən almaqdan ötrü sifarişlə ortaya atıldığını deyir. Onun sözlərinə görə, həmin vaxt o, millət vəkili idi və evini təmir etdirmək üçün qayınanasına ehtiyac yox idi. Üstəlik, həmin vaxt onlar Məmmədovanın oğlu Mahmud Mehdiyevlə də artıq ayrılmışdılar.
Yerli məhkəmələr Məmmədovanın iddiasını təmin edib. Ali Məhkəmənin yekun nəticəsindən sonra bu ilin martında 85 minlik ödəniş qərarı icraya yönəldilib. Hacıbəyli isə ondan tələb olunan məbləğin ödənişinə möhlət verilməsi üçün məhkəməyə ərizə təqdim edib. Nəsimi rayon Məhkəməsi onun ərizəsini təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi də aprelin 23-də onun şikayətinə "yox" deyib.
Nəsimi rayon İcra və Probasiya Şöbəsindən AzadlıqRadiosuna bildirilib ki, 7 faizlik əlavə ödəniş məsələsi "İcra haqqında" Qanunda nəzərdə tutulub: "Qanunun 78-ci maddəsində göstərilib ki, könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu üzrsüz səbəbdən icra etmədikdə icra məmuru borcludan tutulmalı məbləğin 7 faizi həcmində icra ödənişi alınması barədə qərar qəbul edir".