“Bu gün Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq yüksək səviyyədədir. Enerji sahəsində də əməkdaşlıq çox müsbət dəyərləndirilir. ABŞ-ın Azərbaycanla əməkdaşlığa hazır olması ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə əlaqədardır”.
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov ABŞ dövlət katibi Entoni Blinken ilə Prezident İlham Əliyevin telefon danışığını şərh edərkən deyib.

M.Cəfərov qeyd edib ki, iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir: “2001-ci ildən Azərbaycan-ABŞ münasibətləri daha da yaxşılaşmış, strateji müttəfiqlik istiqamətində mühüm tədbirlər həyata keçirilib. Təbii ki, bu, ABŞ-ın Türkiyə və Azərbaycanla münasibətlərinə xələl gətirməməsinin nəticəsi kimi dəyərləndirilir. “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəlişin fəaliyyətinin müvəqqəti də olsa dayandırılması nəticəsində ikitərəfli əlaqələrdə dönüş yaranıb. “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ABŞ tərəfindən Azərbaycan kimi ciddi müttəfiq və strateji tərəfdaşa qarşı tətbiq olunması yolverilməz idi. Azərbaycanın xarici siyasəti öz konturlarını daha inamla cızdıqca, ölkəmizin ətrafında yaradılmış informasiya blokadası aradan qaldırıldıqca vəziyyət bizim xeyrimizə dəyişməyə doğru vüsət aldı. Respublikamız Xəzər regionunda xarici şirkətlərə sərmayə yatırmaq və Xəzərdə neft əməliyyatlarını aparmaq imkanını verən ilk ölkə olub. Ötən illər ərzində Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıq hökumətləri tərəfindən Azərbaycanla sıx tərəfdaşlıq yaradılaraq, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin icrasına böyük töhfələr verilib. Bu gün haqqında geniş danışılan Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans-Anadolu boru kəməri layihəsi isə təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi lahiyəsi Azərbaycan təbii qazını Türkiyəyə və həmin ölkədən də Avropaya çatdırmaqla nəinki regionun, eləcə də qitənin enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz töhfəsini verəcək. Cənub Qaz Dəhlizi Azərbaycanın böyük tarixi iqtisadi qələbəsidir. Geniş coğrafi ərazini və böyük iqtisadi əlaqələri əhatə edən bu layihə ölkəmiz, xalqımız, bu layihədə iştirak edən bütün ölkələr üçün dayanıqlı, uğurlu inkişafı təmin edəcək. Reallıq budur ki, hətta uzun illərdən sonra Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına, bu ölkənin işğala məruz qalmasına, Dağlıq Qarabağda separatçı qurumun fəaliyyət göstərməsi faktının bir çox dairələrdə təsdiq olunmasına baxmayaraq, 907-ci düzəliş ləğv edilmir. Bu baxımdan deyə bilərəm ki, biz ədalətli yanaşma istəyirik, 907-ci düzəliş tamamilə ləğv olunmalıdır”.
Kənan Mirzəyev