"Heç şübhəsiz ki, Qafqazda ciddi maraqları fonunda ABŞ Azərbaycan kimi tərəfdaşı itirə bilməzdi. Bu mənada Blinkenin zəngi Baydenin Ermənistan üçün təsəllidən başqa bir işə yaramayan "soyqırım" bəyanatından fərqli olaraq ciddi siyasi və iqtisadi hədəflərə yönəlib".
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Bəhruz Məhərrəmov ABŞ dövlət katibi Entoni Blinken ilə Prezident İlham Əliyevin telefon danışığını şərh edərkən deyib.
Milli Məclisin deputatı bildirib ki, Co Baydenin məlum bəyanatının ardınca ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti cənab İlham Əliyevə zəngi ABŞ-Azərbaycan, ABŞ-Türkiyə münasibətlərinin hazırkı mürəkkəb bir dönəmində rəsmi Vaşinqtonun Azərbaycan kimi bir müttəfiqi itirmək istəməməsi niyyətinin göstəricisidir: "Xüsusən, dövlət katibinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin bu il üçün də müvəqqəti dayandırıldığını şəxsən bildirməsi, bu fonda Azərbaycan-ABŞ ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulaması rəsmi Vaşinqtonun Qafqazda Azərbaycanı yeni güc sahibi kimi qəbul etdiyini göstərir. Elə müzakirə zamanı Prezident İlham Əliyevin bir daha qətiyyət göstərərək ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatıyla əlaqədar Türkiyə-Azərbaycan müttəfiqliyini qabartması, bu açıqlamanın Azərbaycanda narahatlıqla qarşılandığını ifadə etməsi rəsmi Bakının öz maraqlarını tam mənada müdafiə edə bilən güclü qlobal oyunçuya çevrildiyini bir daha nümayiş etdirdi. Əlbəttə, Vaşinqton da birmənalı Qərbə üz tutmuş Gürcüstan və tam şəkildə Rusiyanın forpostu olan Ermənistandan fərqli olaraq Azərbaycanın Qafqazda balansı qorumağı bacarmış, suveren, tam müstəqil siyasət yürüdən, istər İrana, istərsə də Rusiyaya münasibətdə sağlam mövqeyi olan ən uyğun və ən etibarlı tərəfdaş olmasının fərqindədir".
B.Məhərrəmov əlavə edib ki, həqiqətən də Azərbaycan çətin geosiyasi coğrafiyada yerləşməsinə, maraqların toqquşmasına baxmayaraq, Cənub Qaz Dəhlizi layihəsi kimi mürəkkəb prosesi uğurla icra etməyi bacarıb: "Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mövqe tutmuş dövlətdir. Həmçinin dövlət katibinin özünün də dediyi kimi, rəsmi Bakı həm regional, Əfqanıstanda sülhməramlı missiyasının simasında həm də qlobal təhlükəsizlik sahəsində Vaşinqtonla ciddi əməkdaşlıq təcrübəsinə malikdir".
Nəzrin Cavid